Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə start götürdü. Matc.az saytının məlumatına görə, nəticə müsbət olmasa da, sərgilənən oyun gələcəyə nikbin baxmağa əsas verdi. 
çünki rəqibimizin son Avropa çempionu Portuqaliya olduğunu unutmamalıyıq. üstəlik, əminliklə demək olar ki, hazırkı Portuqaliya AVRO-2016-nı qazanan heyətdən daha güclüdü.

 

Dç-2022-nin seçmə mərhələsi
A qrupu, I tur
24 mart

Portuqaliya – Azərbaycan - 1:0
Turin. "Yuventus" stadionu. Baş hakim: Daniel Siebert (Almaniya)
Qol: Maksim Medvedev, 36 (avtoqol)

Portuqaliya: 12. Antoni Lopes, 3. Dominqos Duarte, 4. Ruben Dias, 20. Joao Kanselo, 5. Nuno Mendeş, 19. Pedro Neto (15. Rafa Silva, 63), 8. Joao Moutinyo (11. Bruno Fernandes, 46), 10. Bernardo Silva (14. Serxio Oliveyra, 88), 18. Ruben Neveş (13. Joao Palinya, 88), 7. Kriştianu Ronaldo (k), 9. Andre Silva (23. Joao Feliks, 75)
Ehtiyat oyunçular: 1. Joze Sa, 22. Rui Silva, 2. Luiş Neto, 6. Joze Fonte, 16. Renato Sançes, 17. Dioqo Jota, 21. Sedrik Soareş
Baş məşqçi: Fernando Santos

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 15. Bədavi Hüseynov, 14. Elvin Bədəlov, 18. Anton Krivotsyuk, 5. Maksim Medvedev (k), 3. Azər Salahlı, 13. Abbas Hüseynov (7. Anatoli Nuriyev, 46), 6. Vüqar Mustafayev (20. İsmayil İbrahimli, 46), 8. Emin Mahmudov (16. Aleksey İsayev, 84), 10. Mahir Emreli (21. Namiq Ələskərov, 84), 9. Əli Qurbani (11. Ramil Şeydayev, 84)
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 2. Sərtan Taşkın, 4. Bəhlul Mustafazadə, 17. Elvin Cəfərquliyev, 19. Təmkin Xəlilzadə, 22. Amil Yunanov
Baş məşqçi: Canni de Byazi

Hərəyə 2 öhdəlik
Əlbəttə ki, Canni de Byazi heyəti və sistemi rəqibə görə formalaşdırmalı idi. İtaliyalı belə də etdi. Yığmamız ilk baxışdan 4-4-2 düzülüşü kimi görünsə də, oyun zamanı əsasən 5-3-1-1, bəzən isə 6-2-1-1 sisteminə üstünlük verirdik. Mərkəzdə ucaboy müdafiəçilərə güvənən de Byazi hər cinaha iki müdafiəçi qoymuşdu. Xüsusən də, Abbas Hüseynova daha çox iş düşürdü. çünki top rəqibdə olarkən (matçın böyük hissəsi belə keçdi) Abbas sağ cinahdan müdafiəçi rolunu oynayır, kapitan Maksim Medvedev isə mərkəzə meyillənirdi. Sol cinahdakı Azər Salahlı isə Anton Krivotsyuka eyni formada deyil, dayaq yarımmüdafiəçisi kimi dəstək verməyə çalışırdı. Vüqar Mustafayevin işi mərkəzdən gələn həmlələri dəf etmək, Emin Mahmudovun vəzifəsi isə həm ona kömək olmaq, həm də hücumları qurmaq idi. Mahir Emreli hücumla yarımmüdafiə arasında körpü rolunu oynayırdısa, meydanın rəqibə aid hissəsində oynayan Əli Qurbani hərəkətliliyi ilə müdafiəçilərin rahatlığını pozmaq tapşırığı almışdı. Bir sözlə, yığmamızda hər kəs bir yox, iki işi görməli idi. Portuqaliya kimi komandanı da ancaq bu yolla dayandırmaq mümkün olardı.

Yarım saatlıq keçilməzlik
İlk dəqiqələr göstərdi ki, de Byazi rəqibi düzgün təhlil edib. Mərkəzi portuqalların üzünə bağlayan komandamız hər cinahı 3 oyunçu ilə zərərsizləşdirməyə çalışırdı. Solda Krivotsyuk-Salahlı-Mustafayev, sağda isə Medvedev-Abbasov-Mahmudov "üçlük"ləri cinah asmalarına mane olmalı idilər. Prinsipcə sağ cinahdakılar üzərlərinə düşən öhdəliyi yerinə yetirə bilirdilər. Ancaq solda bu baxımdan boşluqlar ilk dəqiqələrdən sezilirdi. Andre Silva və Kriştianu Ronaldoya cərimə meydanı daxilində göz açmağa imkan verməyən futbolçularımız yaratdıqları sıxlıqla rəqibi çox düşünməyə vadar edirdi. Nominal meydan sahiblərinin cinah asmalarından və uzaq məsafədən zərbələrdən başqa çıxış yolu qalmamışdı. İlk yarım saat, demək olar ki, eyni axarda keçdi. Fernando Santosun yetirmələri cinahdan saysız-hesabsız asmalarla nəsə etməyə çalışsa da, müdafiəçilərimiz və qapıçımız sayıqlığı əldən vermirdi. Uzaq məsafədən zərbələr təhlükə yaratsa da, Şahruddin Məhəmmədəliyev əla seyvlərlə keçilməz qalaya çevrilmişdi.

Problemli sol cinah
Millimizin əsas axsayan tərəfi olan sol cinahdakı problemi rəqib də sezmişdi. Bu üzdən Portuqaliya millisi daha çox həmin mövqedən həmlələr etməyə çalışırdı. Salahlının müdafiə olunarkən əksər hallarda düzgün mövqe seçməməsi Krivotsyuku da çətin duruma salırdı. "Neftçi"nin müdafiəçisi bəzi hallarda tək qalırdı ki, onu ötmək rəqib oyunçular üçün də çətin olmurdu. Lakin xoşbəxtlikdən portuqaliyalıların sağ cinahdan yerlə və hava ilə ötürmələri əksər hallarda ünvana çatmırdı, müdafiəçilərimiz tərəfindən təhlükə böyümədən sovuşdurulurdu.

öz müqavimətimizi özümüz qırdıq
Qapanan müdafiəyə qarşı aciz görünən Portuqaliya yığmasının ifasında düşünülmüş hücum, demək olar ki, izləmirdik. Rəqib bir qayda olaraq yalnız cinah asmaları ilə nəyəsə nail olmaq istəyirdi. Məqsəd necə olur-olsun, hesabı açmaq idi. Təəssüf ki, bu təzyiq kuryoz qolla hesabın açılmasına səbəb oldu. Millimizin müqavimətini elə öz futbolçularımız qırdı. Oyunu mükəmməl şəkildə keçirən, hətta 15 saniyə əvvəl əla qurtarışla yadda qalan Şahruddin heç nədən rəqibi istəyinə çatdırdı. Portuqaliyalıların növbəti kor-koranə asması zamanı çıxışda səhvə yol verən qolkiperimiz yanındakı Maksimi nişan aldı və kapitana dəyən top tora düşdü. Bir sözlə, portuqaliyalılardan çox öz oyunçularımız bu qol üçün daha çox canfəşanlıq etdi.

Əvəzləmələrlə dəyişən gedişat
De Byazi ikinci hissəyə 2 əvəzləmə ilə başladı. Debütant Anatoli Nuriyev və İsmayıl İbrahimli meydana daxil olduqdan sonra sistem 5-4-1-ə çevrildi. Nuriyev sol, Mahir Emreli isə sağ cinahdan hücuma dəstək verməli idi. Komandamızda hücumameyilli və yaradıcı oyunçuların sayının artması matçın axarına da təsir göstərdi. İrəli atıldığımız zaman düzülüş 5-2-3 olurdu. Bu dəyişikliklər oyunda canlanmaya səbəb oldu. Açıq futbol oynamasaq da, futbolçularımız artıq nəinki meydanın mərkəzini keçə bilirdi, hətta orada top saxlamağı da bacarırdı. Təəssüf ki, sadə top itkiləri hücumların daha kəsərli alınmasına mane olurdu.

Portuqaliyanın Ronaldo problemi
Portuqaliyanın hücum planında oyununun alınmaması, bəlkə də, Kriştianu Ronaldo ilə bağlı idi. Futbolçularımız qol maşınını tam zərərsizləşdirmişdilər, üzünü qapımıza tərəf çevirməsinə aman vermirdilər. Xüsusən də, Maksim rəqibin kapitanından bir neçə dəfə top "oğurlayaraq" onun əsəbləşməsinə şərait yaratdı. Ronaldonun da əsəbləşdiyi zaman oyununun alınmadığının bir daha şahidi olduq.

Fayda verməyən son cəhdlər
Hücumda canlanma yaratmağa çalışan de Byazi sona yaxın ön xətt oyunçularını dəyişdi. Ancaq təcrübəli Portuqaliya yığması özü istənilən hücum oyununu göstərə bilməsə də, nəticəni qorumağa nail oldu. Bunda son 15 dəqiqədə mübarizə aparan Joao Feliksin rolunu xüsusi vurğulamaq lazımdı. Məhz "Atletiko"lunun mübarizəyə qoşulması rəqibin ikinci hissədəki passiv çıxışına son qoydu. Məğlubiyyətə baxmayaraq, oyunu ilə bütün proqnozları alt-üst edən Azərbaycan millisi, xüsusən də, ikinci hissədə Avropa çempionuna qarşı layiqli müqavimət göstərdi. Bu da növbəti matçlar üçün yenidən ümid yaratdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest