Başa çatmaqda olan apreldə Azərbaycan idmançıları Avropa çempionatlarında qüvvəsini sınadılar. Cüdo, güləş, ağırlıqqaldırma və taekvondo yığmalarımız qitənin müxtəlif şəhərlərində medal uğrunda mübarizə apardı. Matc.az saytı son beş ildə yığmalarımızın Aç-də qazandığı medalları və komandamızın həmin yarışları neçənci yerdə başa vurduğunu araşdırıb. öncə cüdo yığmamızdan başlayaq.

Dünyanın ən güclülərindən sayılan Azərbaycanın yığmasının heyətində son illər Rüstəm Orucov, Məmmədəli Mehdiyev, Orxan Səfərov, Hidayət Heydərov, Nicat Şıxəlizadə, Elmar Qasımov, Elxan Məmmədov və Uşangi Kokauri kimi simalar yer alıb. Onlar beynəlxalq yarışlarda, "Böyük Dəbilqə" turnirlərində medal qazanıblar. Son illərin ən böyük uğuru isə 2016-cı ilə təsadüf edib. Belə ki, Orucovla Qasımov dördilliyin ən nüfuzlu turniri - Rio Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurdular.

Maraqlıdı, 2016-cı ildən sonra millimiz qitədə hansı uğura imza atıb, Avropa çempionatlarında necə çıxış edib?

Yığmamız 2017-ci ildə Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında 2 qızıl, 3 bürünc medal qazanıb. Komandamızın heyətində Hidayət Heydərovla Elxan Məmmədov qızıl, Rüstəm Orucov, Orxan Səfərov və Nicat Şıxəlizadə bürünc medala sahib çıxıb. Azərbaycan millisi komanda hesabında yarışı 5-ci yerdə başa vurub.

Bir il sonra İsrailin paytaxtı Təl-Əvivdə keçirilmiş qitə çempionatında cüdoçularımızın qazancı 3 medal olub - 1 gümüş, 2 bürünc. Hidayət Heydərov turniri ikinci, Zelim Kotsoyevlə İrina Kindzerska üçüncü yerdə başa vurub. Bu nəticə ilə yığmamız Aç-də medal qazanmış 20 ölkə arasında ikinci "onluq"da yer aldı - 12-ci yer.

2019-cu ildə Minskdə (Belarus) təşkil olunan Avropa çempionatında Azərbaycanın 5 idmançısı fəxri kürsüyə yüksəlib. Rüstəm Orucov gümüş, Hidayət Heydərov, Məmmədəli Mehdiyev, İrina Kindzerska və Elmar Qasımov bürünc medala sahib çıxıb. Yekunda millimiz yenə ilk "onluğ"a (12-ci yer) düşə bilməyib.

2020-ci il: Praqa, çexiya: Millimizin 5 üzvü Vətənə medalla qayıdır - 1 qızıl, 1 gümüş, 3 bürünc medal. Orxan Səfərov çempionluğu bayram edir, finalda uduzan İrina Kindzerska gümüş, Rüstəm Orucov, Məmmədəli Mehdiyev və Zelim Kotsoyev bürünclə kifayətlənir. Komanda hesabında millimiz bu dəfə 4-cü olur.

Əvvəlki 4 illə müqayisədə yığmamız Portuqaliyanın paytaxtı Lissabonda keçirilmiş Aç-də daha zəif çıxışla yadda qaldı. Komandamız Kəramət Hüseynov və Zelim Kotsoyevin sayəsində cəmisi 2 bürünc medal qazandı. Düzdü, millinin əsas üzvləri Rüstəm Orucovla Məmmədəli Mehdiyev koronavirusa yoluxduqları üçün qitə çempionatında iştirak etmədilər.  Yekunda Azərbaycan Macarıstanla birgə turniri 15-ci yerdə tamamladı.

Beləliklə, son 5 ildə cüdoçularımızın Avropa çempionatlarında qazancı 3 qızıl, 3 gümüş, 14 bürünc olub. Yuxarıda qeyd etdiyimiz kimi, millinin ən yaxşı nəticəsi bir il öncə Praqada olsa da, ən zəif çıxışı Lissabonda qeydə alınıb...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest