"Həmin oyunda baş verənləri xatırlamıram. Yaddaşım o qədər də yaxşı deyil. Ona görə demək olar ki, heç nə yadımda qalmayıb"
"Neftçi"nin yarımmüdafiəçisi Keysuke Honda "Neftçi TV"də yayımlanan "Həmsöhbət" verilişinin qonağı olub.
Matc.az xəbər verir ki, 34 yaşlı futbolçu Azərbaycana gələnə qədər ölkəmiz haqqında məlumatının olmadığını bildirib:
"Onu bilirdim ki, yoldaşlıq oyununda bu ölkənin yığması ilə üz-üzə gəlmişik. Amma həmin oyunda baş verənləri xatırlamıram. Yaddaşım o qədər də yaxşı deyil. Ona görə demək olar ki, heç nə yadımda qalmayıb. Hətta qol vurduğum görüşləri belə, unutmuşam. Bakı şəhəri və buradakı mədəniyyət barədə məlumatım yox idi. Sadəcə, Bakının küləklər şəhəri olduğunu eşitmişdim. Paytaxtınız xoşuma gəlir. Bu, mənim üçün yeni mədəniyyətdir. Buraya uyğunlaşmaq lazımdır və bu, məndə alınır.
Azərbaycan Premyer Liqası haqqında indiyədək geniş məlumat toplamamışam. Hələ burada az oyun keçirmişəm. Fikrimcə, çempionat yavaş-yavaş inkişaf edir. Əlbəttə, bundan da güclü liqalar var. Azərbaycan çempionatında gənclərin inkişaf etdiyini düşünürəm. Burada futbolu sevən azarkeş çoxdur. Bu atmosfer və investisiyalar çempionatın inkişafına kömək edir.
"Neftçi" Azərbaycanın ən böyük klublarından biridir. Bunu hər zaman, xüsusilə də meydanda hiss edirəm. Topu özümüzdə saxlayır, dominantlıq edirik. "Qarabağ"ın ardıcıl 5-6 ildir (əslində 7 ildir - red.) çempion olduğunu eşitmişəm. Amma bizim də şansımız var. Düzdür, asan deyil. Amma mən çempion olmaq istəyirəm.
Hər matçda fərqlənmək şansım olur. Hərdən böyük oyunçular imkanlardan istifadə edə bilmir. Bəlkə də növbəti qarşılaşmalarda yenə fərqləndim. Ayağımın açılması üçün bir qol bəs edir. Mənim üçün əsas məsələ qələbə qazanmaqdır. Şanslarım var idi. Bu imkanlar baxımlı hücumlar nəticəsində yaranmışdı. Bu, mənim üçün qol və ötürmədən daha vacibdir. Düzdür, qol və məhsuldar ötürmələr də lazımdır. Bu proses nəticədən daha önəmlidir. Hamı nəticəyə baxır, mən bununla razı deyiləm. Təbii ki, şəxsi fikrimdir".
Honda Azərbaycan Premyer Liqasının 22-ci turunun "Qəbələ" ilə səfər oyununda etdiyi hərəkət barədə də danışıb: "Azərbaycanda VAR sisteminin olmadığını bilmirdim. İstəyirdim ki, referi təkrara baxsın. Premyer Liqaya VAR lazımdır. Bu, daha yaxşıdır. çünki hakimlər çox səhv edir. Düzdür, onlar da insandır, səhv edə bilər. Amma sonradan səhvlərini düzəltmələri daha yaxşı olardı. Bu sistem hakimlərə öz üzərində işləməyə imkan verir".
Yaponiya millisinin sabiq üzvü hər qoluna bir saat taxmasının səbəbini də açıqlayıb: "Saatlardan biri Yaponiya, digəri isə olduğum ölkənin vaxtını göstərir. Bu, mənim üslubumdur. Dəbi sevirəm. Saatlar çox xoşuma gəlir.
Mən ilk növbədə insan, sonra futbolçuyam. Xüsusi şəxs deyiləm. Əvvəlcə yaxşı insan və ata kimi tanınmaq istəyirəm. Bundan sonra futbolçu kimi tanısınlar. Hazırda mən biznesmen deyil, yaxşı insan olmaq istəyirəm.
Pandemiyanın başlanmasından sonra klub tapmaq çətin oldu. özümə uyğun komanda tapa bilmirdim. Bir neçə liqada transfer pəncərəsi artıq bağlı olsa da, bəzilərində açıq idi. Bu variantlardan birini seçməli idim. Yaponiyaya qayıtmaq istəmirdim. çünki gənc yaşlarımdda orada 3 il oynamışam. "Neftçi"də çempion olma şansım var. Bu imkan məni həyəcanlandırır. Burada olduğum üçün xoşbəxtəm. Ağ-qara rənglərdən xoşum gəlir. "Neftçi"yə pul üçün gəlməmişəm. Sadəcə, karyeramı davam etdirirəm. Fəxr edirəm ki, böyük klubda oynayıram. "Neftçi"nin prezidentindən maaşımı soruşa bilərsiniz".