Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-23 Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş yığmamız bu gün vətənə qayıdıb.
 
Matc.az xəbər verir ki, 140 xalla komanda hesabında Avropa üçüncüsü olan millimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançıların yaxınları və media nümayəndələri qarşılayıb.
 
Komandamızın məşqçisi Arif Abdullayev bunları deyib: "Bildiyiniz kimi, bu yarışda 8 idmançı ilə təmsil olunduq. Onlardan yeddisi medalla qayıtdı. Bir qızıl, üç gümüş və üç bürünc medal qazandıq. Bir idmançımız isə beşinci yerlə kifayətləndi. Fürsətdən istifadə edib Milli Olimpiya Komitəsini, Gənclər və İdman Nazirliyini və Azərbaycan Güləş Federasiyasını təbrik edirəm. Bu qurumların diqqət və qayğısı nəticəsində belə gözəl nəticələr əldə edə bildik. Bayrağımız yüksəldi, himnimiz səsləndi. Belə yüksək nəticə gözləyirdik. Bilirsiniz ki, bir ay bundan əvvəl Polşa böyüklərin də Avropa çempionatında da bəzi çəkilərdə gənclərə şans vermişdik. Artıq gənc nəsil yetişir. İnanırıq ki, onlar növbəti Olimpiadaya lisenziya əldə edib, öz sözlərini deyəcəklər".
 
70 kq-da Avropa çempionu olmaqla Skopyedə himnimizi səsləndirən Cəbrayıl Hacıyevin təəssüratları belə olub: "Təəssüratlarım çox yaxşıdır. Qələbə qazanmağımda mənə dəstək olan hər kəsə - federasiyaya, yığmanın məşqçilərinə və şəxsi məşqçim Vahid Məmmədova təşəkkür edirəm. Bundan sonra da yaxşı hazırlaşıb, yüksək nəticələr qazanmağa çalışacağam".
 
Avropa çempionatında gümüş medal qazanan Orxan Abasov (86 kq) isə bu fikirləri səsləndirib: "Müəyyən zədələrə görə bir ildən çox idi yarışlarda iştirak etmirdim. Uzun fasilədən sonra güləşmək çətin idi. Buna baxmayaraq, məqsədim çempion olmaq idi. Ancaq gümüş medal əldə etdim. Hər halda, Allaha şükür ki, medalsız qalmadım. Bu nəticəmi hərbi xidməti davam etdirən bir əsgər olaraq, şəhid və qazi ailələrinə həsr edirəm".
 
Xatırladaq ki, Avropa çempionatında Cəbrayıl Hacıyev (70 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) gümüş, Zirəddin Bayramov (65 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) bürünc medal qazanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest