"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Azərbaycan yığmasının qarşıdakı təlim-məşq toplanışında iştirak etməyəcək. Matc.az xəbər verir ki, Ağdam klubunun heyətində keçirdiyi oyunlarda iki dəfə ağır zədə alan qolkiper hazırda müalicə alır. Onun dəqiq nə vaxt sıraya dönəcəyi bilinmir. Amma qolkiperin millinin bu ay baş tutacaq toplanışına dəvət almayacağı demək olar ki, dəqiqdi.

Belə olan halda, millinin baş məşqçisi Canni De Byazinin hansı qapıçılara dəvət göndərəcəyi maraq doğurur. Təbii ki, millinin əsas qapıçılarından biri olan "Qarabağ"ın digər "çərçivə qoruyucusu" Emil Balayev dəvət alanlar sırasında olacaq. Elə "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətovun da növbəti toplanışda yer alacağı şübhə doğurmur. Adətən belə toplanışlara ən azı üç qolkiperin dəvət olunduğunu nəzərə alsaq, bəs digər "vəsiqə" hansı qapıçıya qismət olacaq?

İtaliyalı mütəxəssis böyük ehtimalla "Sumqayıt"ın digər qapıçısı Aydın Bayramova şans verəcək. "Gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Ayxan Abbasov demək olar ki, mövsüm ərzində həm Cənnətova, həm də Bayramova eyni dərəcədə şans verib. Aydın isə Mehdidən heç də geri qalmadığını inamlı çıxışı ilə təsdiqləyib. 25 yaşlı qolkiperin ölkə kubokunun yarımfinalında "Qarabağ"a qarşı keçirdiyi oyunları, qaytardığı penaltini yada salmaq kifayətdi.

Düzdü, milliyə çağırılması ehtimal olunan qapıçılar sırasında "Neftçi"dən Aqil Məmmədovla Səlahət Ağayev də var. Amma Səlahət demək olar ki, bu mövsüm meydana çıxmaq şansı qazanmayıb. Aqilin isə yaşının çoxluğuna görə milliyə dəvət alması inandırıcı görünmür.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest