Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Rumıniyada Qızıl Avropa Liqası turnirinə hazırlaşır. Matc.az xəbər verir ki, komandamız bu ölkədə yarış öncəsi ev sahibi ilə bir neçə yoldaşlıq görüşü keçirəcək.
Yığmamızın heyətində Leyla Parşkova, İlhamə Əliyeva, Ayşən Abduləzimova, Nilüfər Ağazadə, Anastasiya Mertsalova, Anastasia Baydyuk, Kristina Besman, Şəfaqət Alışanova, Kseniya Pavlenko, Mariya Krilyuk, Yuliya Kərimova, Bəyaz Alıyeva və Raziya Əliyeva çıxış edəcəklər. Karyerasını ABŞ Pro Liqasında mübarizə aparan "Atletes Unlimited" klubunda davam etdirən Odina Əliyeva isə yığmanın heyətinə çağırılsa da, 30 yaşlı voleybolçu hazırda millinin düşərgəsində yox, Birləşmiş Ərəb Əmirliklərindədir. O, Dubaya səfər edərək, istirahətə üstünlük verib. Odina Dubay səhralarından şəkil və video ilə yanaşı, qəlyan çəkdiyini də paylaşıb.
Qeyd edək ki, millimiz mükafat fondu 413 min avro olan Qızıl Avropa Liqasının A qrupunda Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparacaq. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.