Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı başa çatdı. Matc.az xəbər verir ki, qitə birinciliyində 9 idmançımız fəxri kürsüyə qalxdı.
 
Onlardan ikisi – sərbəst güləşdə Cəbrayıl Hacıyev (70 kq), yunan-Roma güləşində isə Zaur Əliyev (55 kq) bütün rəqiblərinə qalib gələrək himnimizi Skopyedə səsləndirdi.
 
Daha öncə yeniyetmələr arasında Avropa çempionu və dünya ikincisi, gənclər arasında Avropa üçüncüsü və dünya ikincisi, eləcə də 23 yaşadək güləşçilər arasında dünya çempionatının bürünc medalçısı olan Əliyev qazandığı növbəti uğuru haqqında Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib:
 
"Avropa çempionatında 3 görüş keçirdim. üçü də mənim üçün ağır keçdi. Bunun da səbəbi iki ilə yaxın yarışlarda iştirak etməməyim idi. Əvvəlcə Rumıniya güləşçisiylə qarşılaşdım. İlk görüş hər zaman çətin olur. Yarımfinalda Rusiya təmsilçisiylə üz-üzə gəldim. Ona da çətinliklə də olsa, qalib gələrək finala yüksəldim. Türkiyə güləşçisi də güclü rəqib idi. Final gərgin mübarizə şəraitində keçdi. Allaha şükürlər olsun ki, ona da qalib gələ bildim. çalışacağam ki, belə qələbələrin davamı gəlsin. Qızıl medalı daim yanımda olan ailəmə hədiyyə edirəm. Mənə dəstək olan hər kəsə minnətdaram. Allah razı olsun. Dualarını əsirgəməsinlər. Hələ ki, karyeramı 55 kq-da davam etdirməyi düşünürəm. Növbəti Olimpiada ərəfəsində 60 kq-a keçməyi planlaşdırıram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest