Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Cüdo Federasiyasının (İJF) Konqresi keçirilib. Matc.az xəbər verir ki, toplantıda bütün üzv ölkələrin nümayəndələri, İcraiyyə Komitəsinin üzvləri və digər rəsmilər iştirak ediblər. ölkəmiz konqresdə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı ilə təmsil olunub.

öncə İJF prezidenti Marius Vizerin hesabat nitqi dinlənilib. Əsasən cüdonun dünyada geniş təbliği ilə bağlı nəhəng media şirkətləri ilə uğurlu əməkdaşlıqdan, cüdo yarışlarının məlum təqvimindən, cüdonun bütün dünyada inkişaf etdirilməsi üçün müxtəlif dövlətlərə ianələr şəklində ayrılan dəstək, təhsil məsələləri və gələcək hədəflərdən bəhs edilən hesabatdan sonra təşkilatın baş katibi və maliyyə departamentinin rəhbərinin hesabatları dinlənilib.

Həmçinin, İJF Nizamnaməsinin nizam-intizam və etik kodla bağlı qanunvericilik maddələrində müəyyən dəyişikliklər qəbul olunub. Konqresdə beynəlxalq qurumun prezident seçkiləri baş tutub. Marius Vizer yeganə namizəd kimi yekdilliklə İJF prezidenti seçilib.

Daha sonra o, növbəti 4 il ərzində işləyəcəyi İcraiyyə Komitəsi üzvlərinin siyahısını Konqres iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan Cüdo Federasiyasının prezidenti cənab Rövnəq Abdullayev 2-ci dəfə növbəti dörd il müddətinə Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilib. Sonda Vizer iştirakçılara gördükləri işlərə görə təşəkkürünü bildirib və Konqresin işinə yekun vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest