Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, bu gün mübarizəyə Azərbaycanın daha 3 cüdoçusu qoşulub. Kişilərin yarışında Nicat Şıxəlizadə və Orxan Səfərov, qadınlardan isə Gültac Məmmədəliyeva tatami üzərinə çıxıb.

Kişilər
66 kq

Nicat Şıxəlizadə debütdə Lusian Dumitreski (Rumıniya) ilə qarşılaşıb və xalçadan məğlub ayrılıb. 

Orxan Səfərov ilk cəhdində Natan Barnsı (İrlandiya) ippon fəndiylə üstələyib. 1/16 finalda özbəkistanlı Sardor Nurillaevi də ippona salan idmançımız növbəti mərhələyə adlayıb. üçüncü görüşündə Əlcəzair təmsilçisini 1:0 hesabı ilə üstələyən Orxan 1/4 finala yüksəlib. Yarımfinala gedən yolda isə həmyerlimiz fransız Kilian Le Blaç üzərində təmiz qələbə qazanmaqla, yarımfinala çıxıb. Bu mərhələdə onun rəqibi 2019-cu ildə dünya çempionu adını qazanmış Yoşiro Maruyama olub. Təəssüf ki, idmançımız bu dueldən məğlub ayrılıb və təsəlliverici görüşlərə qatılıb. O, bürünc medal uğrunda rusiyalı Yaqub Şamilovla qarşılaşıb. Rəqibi qızıl xalla qalib gəldiyindən Orxan da mundialı medalsız başa vurub.

Qadınlar
52 kq

Gültac Məmmədəliyeva  yarışa uğurla start verib. O, ilk cəhdində Tatyana Levitska Şukvani (Gürcüstan) üzərində təmiz qələbə qazanıb. Növbəti görüşdə fransız rəqibinə uduzan cüdoçumuz mübarizəni dayandırıb.  

Xatırladaq ki, yarışın ilk günündə həmyerlilərimizdən Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest