Milli komandamızın UEFA Millətlər Liqasının qrup mərhələsində Farer adaları ilə sabahkı oyunu həlledici xarakter daşıyır. Ya xəyallar tamam puç olacaq, ya da hər kəs yenidən ümidlənəcək.

D liqasının ilk iki oyununda 4 xal itirən komandamızın Farer adaları səfərində də büdrəməsi növbəti mərhələ şansının üstündən böyük ölçüdə xətt çəkəcək. Bu səbəbdən qarşılaşmanın önəmi təxmin ediləndən də böyükdü.

Qurban Qurbanovun səfərə apardığı 23 ofutbolçu demək olar ki, üzdə olanlardı. Yəni 1-2 istisna ilə heyətlə bağlı ciddi tənqid ediləsi məqam yoxdu. Bəs baş məşqçi sabah hansı "11-liy"ə güvənməlidi? Təbii ki, seçim zamanı rəqibin zəif və gülcü tərəflərinə, oyun anlayışına da baxılacaq. Digər tərəfdən etiraf edək ki, Qurbanovun elə geniş seçim imkanı da yoxdu.


Qapı xətti ilə bağlı fikirlər birmənalı deyil. çünki klubdakı performansları göz önünə gətirsək, Səlahət Ağayevin çərçivəyə daha çox layiq olduğunu deyərik. Hər halda, Səlahətin formasını geyindiyi "Neftçi" turnir cədvəlində 1-ci, onun əsas rəqibi Kamran Ağayevin komandası "Keşlə" isə sonuncu yerdədi. "Neftçi" 3, "Keşlə" 10 qol buraxıb. Belə halda Kamranda məğlub, Səlahətdə qalib psixologiyasının formalaşması normaldı. Di gəl ki, "Keşlə"nin qolkiperi əksər hallarda yığmanın forması altında uğurlu çıxış etməyi bacarır. Bu baxımdan baş məşqçinin qapı xətti ilə bağlı seçimi matçdan sonra ya alqış, ya da tənqidlə qarşılanacaq.

Müdafiənin mərkəzində Maksim Medvedev – Bədavi Hüseynov cütlüyünün yer alacağına şübhə yoxdu. Cinahlara gəlincə, indiki vəziyyətdə sağda Pavel Paşayev, solda isə Təmkin Xəlilzadənin iştirakı daha inandırıcıdı. Xüsusən də, Təmkinin hücuma dəstəyindən və cinah ötürmələrindən lazımınca yararlanmaq vacibdi.

Yarımmüdafiənin mərkəzini müəyyənləşdirmək üçün də çox baş "sındırmağa" ehtiyac yoxdu. Yəqin ki, Qara Qarayev dayaq yarımmüdafiəçisi, Emin Mahmudov pleymeyker mövqeyində, Riçard Almeyda isə orta sahədə sərbəst şəkildə oynayacaq.

Yarımmüdafiənin cinahları və hücumla bağlı seçim isə maraqla gözlənilir. Əslində, bu mövqelərdə də ciddi rəqabət yoxdu. Baş məşqçinin cinahlarda Mahir Mədətov və Dmitri Nazarova güvənməsi sürpriz olmaz. Həm Mədətov, həm də Nazarov universal oyunçu olduğundan, onlar matçın gedişində tez-tez yerdəyişmə də edə bilərlər.

Azarkeşləri daha çox narahat edən hücumun mərkəzində əksəriyyət Rüfət Dadaşovu görmək istəyir. Dəvət edilənlərin siyahısına baxdıqda ən ideal variant elə budu. Doğrudu, Dadaşov uzun müddət idi yığmadan kənarda idi. Ancaq klubunda oynamayan Ramil Şeydayev və ya nə oynadığını heç özü də bilməyən Ruslan Qurbanovdansa, hazırda formada olan, qolları sıralayan Rüfət daha uğurlu seçim olar.

Ruslan SADIQOV

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest