İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi Fransanın "Olimpik" (Lion) klubundan Memfis Depayı transfer edib.
 
Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Niderland millisinin hücumçusu ilə 2 illik müqavilə imzalanıb. 27 yaşlı forvard hazırda millinin düşərgəsində Avropa çempionatında mübarizə aparır. O, qitə birinciliyindən sonra yeni komandasına qoşulacaq.
 
Qeyd edək ki, Memfis Depay 2017-ci ildən Lion klubunun formasını geyinirdi. Lakin bu yay onun Fransa təmsilçisi ilə müqaviləsinin müddəti bitdiyi üçün azad agent statusu daşıyırdı.
 
Depay geridə qalan mövsümdə "Olimpik"in heyətində 40 rəsmi matça çıxıb, 22 qola imza atıb. Niderland yığmasına 66 oyuna 27 qol vurmuş futbolçu, daha öncə PSV və "Mançester Yunayted"də də forma geyinib.
 
"Barselona" bu yay "Mançester Siti"dən ayrılan Serxio Aquero və Erik Qarsiyanı da heyətinə qatmışdı. Kataloniya təmsilçisi "Betis"ə icarəyə verdiyi braziliyalı müdafiəçi Emerson Royalı da geri qaytarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest