"Legiya"nın hücumçusu Mahir Emreli klubun "İnstagram" hesabında canlı yayım vasitəsilə azarkeşlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu sual-cavab zamanı "Legiya"nı seçmə səbəbindən və gələcək hədəflərindən də danışıb:
 
"Ən sevdiyim 5 klub? İlk növbədə "Qalatasaray". çünki ilk dəfə bu komandanın oyunlarını izləmişəm. Oyun tərzinə görə "Barselona"nı, "Mançester Siti"ni, "Bavariya"nı və PSJ-ni xoşlayıram. Ən sevdiyim çempionat La Liqadır, ancaq dürüst olmaq lazımdırsa, İngiltərə Premyer Liqasını da qeyd etməliyəm.
 
2025-ci ildə özümü harda görürəm? 5 böyük klubdan birində. Qarşıda nələr olacağını təxmin etmək olmur. Məqsədim inkişaf etmək və daha yaxşı olmaqdır.
 
"Legiya"nın marağını bir ay əvvəl öyrənmişdim. Açığı, çox təklif almışdım və qərar vermək çətin idi. Daha əvvəl ardıcıl 7 dəfə Azərbaycan çempionu olan "Qarabağ"da çıxış edirdim. Yenə də kuboklar üçün yarışan bir komandada olmaq istəyirdim. "Legiya" tarixi olan komandadır. Avrokuboklarda iştirak etmək mənim üçün vacib idi.
 
"Qarabağ"da oynadığım dövrdə hücumda tək oynamaq mənə asan idi. Yaxşı yarımmüdafiəçilərimiz olduğundan məni topla təmin edə bilirdilər. "Legiya"da fərqli taktika ilə oynayırıq. Hər şeyi zamanla öyrənirəm. Məsələn, yoxlama oyununda iki hücumçu ilə oynamaq mənim üçün komfortlu idi. Amma dediyim kimi, bu, hər oyundakı vəziyyətdən asılıdır.
 
"Legiya"nın azarkeşləri qarşısındakı ilk oyuna necə yanaşıram? Bura gəlməzdən öncə Varşavalı azarkeşlərin görüntülərinin yer aldığı videolara baxmışdım. Elə atmosferi görmək istərdim. Eşitmişəm ki, "Legiya"nın fanatları oyunlar zamanı şoular təşkil edirlər. Bura gəldiyim ilk gündən "Legiya"dakı ilk matçımda qol vurmağı və azarkeşlərimizlə bayram etməyi gözləyirəm".
 
Mahir bu ay "Legiya" ilə 3+1 illik sözləşmə imzalayıb. 24 yaşlı hücumçu yeni komandası ilə çıxdığı ilk yoxlama oyununda 3 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest