"- Məncə, ən azından finala çıxacaqdım. Yarımfinalda üz-üzə gələcəyim qazaxıstanlı idmançı ilə güləşim rahat alınır. İnşallah, Olimpiadada ən yaxşısını etməyə çalışacağam. Dayım Elnur Məmmədlinin çempionluğunu təkrarlamaq istəyirəm"

Cüdo üzrə Azərbaycan yığmasının üzvü Kəramət Hüseynov müsahibə verib. 60 kiloqram çəki dərəcəsində Tokio-2020-də çıxış edəcək 23 yaşlı idmançı bir müddət davam edən uğursuzluq seriyası, son dünya çempionatındakı nəticəsi və dayısı, Olimpiya çempionu Elnur Məmmədlinin Olimpiada öncəsi ona dəstəyindən danışıb. 

-  Bakıdakı dünya çempionatından sonra uzun müddət istənilən səviyyədə çıxış edə bilməmişdiniz. Hətta lisenziya qazanmağınız ciddi sual altındaydı...

- 2018-ci ildə dizimdən ağır zədə almışdım. 4 ay idmandan uzaq qaldım. Həmin müddətdə məşq edən uşaqlara baxırdım, ürəyim partlayırdı. Zədəmin sağaldığı bir həftə olardı, ya olmazdı, məşqdə qolum sındı. Bir neçə ay da belə boşa getdi. Qayıdandan sonra əvvəlki formamı yığmağım çətin oldu. Ard-arda turnirlərə çıxıb uduzmaq əhval-ruhiyyəmə çox pis təsir edirdi. Bir ara düşünürdüm ki, deyəsən, alınmayacaq. Fikirlərimin qarışdığı vaxtlarda başda anam, sonra dayım mənə dəstək oldular. Dayım deyirdi ki, səndə potensial çoxdur, görsəm, yoxdur, deyərəm, çəkil dur qıraqda. 

- Uğurlu seriyanız Davud Məmmədsoyun Təl-Əvivdəki "Böyük Dəbilqə" "qızıl"ından sonra başladı. Belə təəssürat yaranır ki, həmin nəticə komandadakı rəqabəti diriltdi...

- Bəli, hardasa onun da təsiri oldu. Bizim çəkidə kim çıxırdısa, hamısı uduzurdu. Davudun birinciliyi bizə də həvəs verdi.

- Son dünya çempionatında reytinqin "1 nömrə"si Ryucu Naqayamanı udmağınız yarışın ən böyük sürprizlərindən biri oldu. "Bürünc"ünüzdən də çox həmin nəticə diqqət çəkdi. Olimpiada öncəsi bu qələbənin əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Ondan əvvəl də Bakıdakı dünya çempionatında olimpiya çempionu Beslan Mudranovu məğlub etmişdim. Titullu idmançılarla görüşlərə daha yaxşı hazırlaşdığımı düşünürəm. Belədir ki, onları udanda hər kəs səndən danışır, haqqında maraqlanır. Yapon idmançıları udmaq isə hər zaman adama xüsusi stimul verir, cüdonun vətənində keçiriləcək Olimpiada öncəsi bu, ümumiyyətlə, çox önəmlidir. 

- Fransalı cüdoçu ilə 1/4 final görüşündə öndə olsanız da, ard-arda xəbərdarlıq alıb uduzdunuz. Orada nə baş vermişdi? Səhv, yoxsa sadəcə yorğunluq?

- Nəyim vardısa, Naqayama ilə görüşdə qoymuşdum. Toparlanmağım üçün vaxt lazımıydı. Ancaq elə oldu ki, bir neçə dəqiqə sonra 1/4 finala çağrıldım. Səhv etdiyimi düşünmürəm, sadəcə yorğun idim, çatdırmadım.

- O görüşü keçsəydiniz, sizcə, nəticəniz necə olardı?

- Məncə, ən azından finala çıxacaqdım. Yarımfinalda üz-üzə gələcəyim qazaxıstanlı idmançı ilə güləşim rahat alınır. İnşallah, Olimpiadada ən yaxşısını etməyə çalışacağam. Dayım Elnur Məmmədlinin çempionluğunu təkrarlamaq istəyirəm.

- Artıq 2 gün sonra Tokioya yola düşürsünüz. Bu ərəfədə dayınız sizə hansı tövsiyələri verir?

- Bu aralar hər gün zəng edir, hal-əhval tutur. Ancaq Olimpiada haqda çox danışmır. Belə başa düşürəm ki, məni həyəcanlandırmaq, stresə salmaq istəmir.

Fanat.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest