Millətlər Liqasının III turunda Farer adaları ilə qarşılaşacaq Azərbaycan yığması heç-heçə rekordunu təkrarlaya bilər. Matç.az saytı xəbər verir ki, ilk iki oyunda sülhlə kifayətlənən Qurban Qurbanovun yetirmələri meydandan yenə 1 xalla ayrılsa, seriyasını 3-ə çatdıracaq.
Bu isə millimizin tarixində rekordun təkrarı olacaq. Söhbət rəsmi xarakterli görüşlərdəki heç-heçə seriyalarından gedir. 1994-cü ildə beynəlxalq arenaya çıxan yığmamız yalnız bir dəfə üç rəsmi matçda bərabərliyə imza atıb. Bu hadisə Dç-2016-nın seçmə mərhələsində yaşanıb.
Həmin vaxt Robert Prosineçkinin yetirmələri Norveçlə səfərdə, Xorvatiya ilə Bakıda qolsuz heç-heçə etmişdi. Malta ilə səfər görüşündə isə rəqiblər hərəyə 2 dəfə fərqlənmişdi
Qeyd edək ki, millimiz ötən ay keçirdiyi ilk iki turda evdə Kosovo ilə 0:0, səfərdə Malta ilə 1:1 hesablı heç-heçə edib.