Fransada çimərlik güləşi üzrə Dünya Seriyasına start verilib. Matc.az xəbər verir ki, Sen-Loran-dü-Var şəhərində keçirilən birinci mərhələdə ölkəmizi 3 güləşçi təmsil edir.
 
Mahal Novruzov, Rübail İbrahimli (hər ikisi 70 kq) və Orxan Abasov (90 kq) mübarizəyə qrup mərhələsində start verib. Bu gün ilk iki turun görüşləri keçirilib.
 
70 kq-da iştirakçı sayı çox olduğundan güləşçilər 4 qrupa bölünüb. C qrupunda yer alan Mahal Novruzov Portuqaliya güləşçisi üzərində inamlı qələbə qazansa da, Ukrayna idmançısına məğlub olub. D qrupunda qərarlaşan Rübail İbrahimli isə həm Fransa, həm də Yunanıstandan olan rəqiblərinə qalib gəlib.
 
Orxan Abasov B qrupunda əvvəlcə Fransa, daha sonra isə Ukrayna güləşçisindən güclü olub və sona bir tur qalmış yarımfinala vəsiqəni təmin edib.
 
Qrup mərhələsinin son qarşılaşmaları, eləcə də yarımfinal və final görüşləri iyulun 17-də keçiriləcək.
 
70 kq
 
C qrupu
1-ci tur: Mahal Novruzov - Pedro De Matos (Portuqaliya) 4:0
2-ci tur: Mahal Novruzov - Oleksey Boruta (Ukrayna) 1:5
 
D qrupu
1-ci tur: Rübail İbrahimli - Enzo Serpilyon (Fransa) 3:0
2-ci tur: Rübail İbrahimli - Xristos Xristoforidis (Yunanıstan) 3:2
 
90 kq
 
B qrupu
1-ci tur: Orxan Abasov - Matyu Beyl (Fransa) 3:0
2-ci tur: Orxan Abasov - Oleksey Yakovçuk (Ukrayna) 3:1
 
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest