İngiltərənin "Tottenhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İspaniyanın "Sevilya" klubunun yarımmüdafiəçisi Brayan Xili transfer edib.
 
20 yaşlı ispan futbolçu ilə 5 illik sözləşmə imzalanıb. "Tottenhem" bu keçidə görə "Sevilya"ya 25 milyon avro transfer haqqı ödəyib. Londonlular həmçinin argentinalı yarımmüdafiəçi Erik Lamelanı da La Liqa təmsilçisinə verib. 29 yaşlı futbolçu ilə "Sevilya" arasında 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.
 
Brayan Xil "Sevilya"nın öz yetirməsidir. O, 2019-cu ildən bu klubun əsas komandasında çıxış edirdi. Gənc vinger "Leqanes" və "Eybar" klublarında icarədə də oynayıb. İspaniya yığmasında 3 oyun keçirmiş futbolçu, "Sevilya"nın əsas komandasında meydana çıxdığı 21 oyunda 2 qol vurub.
 
Erik Lamela isə 2013-cü ildən "Tottenhem"də çıxış edirdi. "River Pleyt"in yetirməsi olan futbolçu, 2011-2013-cü illər aralığında da "Roma"nın formasını geyinib. Lamela London klubunda 257 oyuna 37 qol vurub. O, Argentina millisində də 25 matçda 3 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest