04 Avqust 2021, 20:05
TOP OYUNLARI
Tokio Yay Olimpiya Oyunlarında qadın voleybolçuların mübarizəsi davam edir. Matc.az xəbər verir ki, bu gün 1/4 final mərhələsinə yekun vurulub. Günün ilk matçı Cənubi Koreya və Türkiyə arasında oynanılıb. Görüşdə sürpriz nəticə qeydə alınıb. Qalib tay-breykdə müəyyənləşib və oyunun favoriti hesab olunan Türkiyə 2:3 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb. Digər matçda isə ABŞ gözləntiləri doğruldub. Amerikalılar Dominikan Respublikasına set verməyərək, yarımfinala yüksəliblər.
Serbiya İtaliya ilə qarşılaşıb. Son dünya çempionatının finalçılarının duelindən yenə serblər qalib ayrılıb. Zoran Terziçin yetirmələri rəqiblərinə set verməyiblər. Beləliklə, ilk yarımfinal cütü dəqiqləşib. Finala vəsiqə uğrunda ABŞ və Serbiya üz-üzə gələcək.
Günün son görüşü Braziliya və ROK (Rusiya Olimpiya Komitəsi) arasında oynanılıb. İlk seti ruslar aktivlərinə yazdırsalar da, latın amerikalılar geridönüş etməyi bacarıblar. Sonrakı üç setdən qalib ayrılan Braziliya adını yarımfinala yazdırıb. Qabi 18 xalla komandasının ən məhsuldar oyunçusu olub. Onunla yanaşı, Rozamariya Montibeller və Karol Qattaz (hər ikisi 16 xal) da qalibiyyətdə önəmli rol oynayıblar. Braziliya yarımfinalda Cənubi Koreyaya rəqib olacaq.
Tokio-2020
Voleybol (qadınlar), 1/4 final
Cənubi Koreya - Türkiyə - 3:2 (17:25, 25:17, 28:26, 18:25, 15:13)
ABŞ - Dominikan Respublikası - 3:0 (25:11, 25:20, 25:19)
Serbiya - İtaliya - 3:0 (25:21, 25:14, 25:21)
Braziliya - ROK (Rusiya Olimpiya Komitəsi) - 3:1 (23:25, 25:21, 25:19, 25:22)
Yarımfinal mərhələsi avqustun 6-da start götürəcək.