Tokio Yay Olimpiya Oyunlarında qadın voleybolçuların mübarizəsində yarımfinal mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, günün ilk oyununda ABŞ və Serbiya milliləri qarşılaşıb. Gərgin mübarizə şəraitində keçəcəyi ehtimal edilən görüş gözləntiləri doğrultmayıb. Qarşılaşmada ABŞ-ın böyük üstünlüyü diqqət çəkib. Nəticədə dünya və Avropa çempionu Serbiyanı set vermədən məğlub edən amerikalı voleybolçular finala çıxıblar. Andrea Drus (17 xal) və Cordan Larson (15 xal) qələbədə önəmli pay sahibi olublar.
 
ABŞ-ın finaldakı rəqibi Braziliya olacaq. Cənubi amerikalılar Cənubi Koreya ilə qarşılaşıblar. Braziliya sürprizə imkan verməyib. Hər üç set "sarı-yaşıllar"ın 25:16 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Tokio-2020
Voleybol (qadınlar), yarımfinal
 
ABŞ - Serbiya - 3:0 (25:19, 25:15, 25:23)
 
Braziliya - Cənubi Koreya -  3:0 (25:16, 25:16, 25:16)
 
Avqustun 8-də əvvəlcə bürünc mükafatçının kimliyinə aydınlıq gələcək. Serbiya və Cənubi Koreya üçüncülük uğrunda matçda qarşılaşacaqlar. Ardınca isə ABŞ və Braziliya milliləri Olimpiya çempionunu müəyyənləşdirəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest