Qadın voleybolçulardan ibarət Braziliya millisinin üzvü, Tokio-2020-nin iştirakçılarından olan Tandara Kayşetanın dopinq testinin nəticəsinin müsbət çıxdığı məlum olub. Bu məsələyə müxtəlif insanlar reaksiya veriblər. Matc.az xəbər verir ki, onların sırasında Rusiya yığmasının voleybolçusu Nataliya Qonçarova da var.
 
Qonçarova "Ria Novosti"yə açıqlamasında antidopinq qaydalarının pozulması ilə bağlı təlimatların başadüşülən olmamasını qabardıb. Rus voleybolçu yenidən Braziliyaya qarşı oynamağa hazır olduqlarını da sözlərinə əlavə edib:
 
"Dopinqdən istifadə halları ilə bağlı aydın və başadüşülən qaydalar olmalıdı. Əgər test nümunəsi iyulun 7-də götürülübsə, o zaman nəticəsi niyə indi açıqlanır? Niyə oyunçu Olimpiada başlamamış yarışdan uzaqlaşdırılmır? İyulda dopinq testi müsbət çıxan biri Yay Olimpiya Oyunlarında 6 görüş keçirdi... Qaydaların aydın olmaması məyusedicidi. Bizə gəlincə, məmnuniyyətlə Tokioya geri qayıtmağa və Braziliyaya qarşı 1/4 final matçını yenidən oynamağa hazırıq".
 
Qeyd edək ki, Braziliya 1/4 finalda məhz ROK-u (Rusiya Olimpiya Komitəsi) mübarizədən kənarlaşdırmışdı. Həmin görüşdə Tandara 6 xalla yadda qalmışdı. Braziliyalı voleybolçu artıq Olimpiadadan diskvalifikasiya olunub və ölkəsinə göndərilib. Cənubi amerikalılar bu gün finala vəsiqə uğrunda Cənubi Koreya ilə qarşılaşacaqlar. Dünya Antidopinq Agentliyinin (WADA) qaydalarına əsasən, komandanın turnirdən uzaqlaşdırılması üçün heyətdə minimum iki nəfər dopinqdən istifadə edən oyunçu olmalıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest