Tokio Yay Olimpiya Oyunlarında kişi voleybolçuların mübarizəsinə yekun vurulub.
 
Matc.az xəbər verir ki, ilk olaraq bürünc mükafatçının kimliyinə aydınlıq gəlib. Braziliya və Argentina milliləri üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunun qalibi tay-breykdə müəyyənləşib. Beşinci seti aktivinə yazdıran Argentina qələbə qazanaraq Olimpiadanın bürünc medalına sahib çıxıb. Braziliya yığması isə son 17 il ərzində ilk dəfə Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub. "Sarı-yaşıllar" Afina-2004 və Rio-2016-da qızıl, Pekin-2008 və London-2012-də isə gümüş medal qazanmışdılar.
 
Final matçında Fransa və ROK (Rusiya Olimpiya Komitəsi) milliləri qarşılaşıb. Fransa ilk iki seti aktivinə yazdırıb. Buna baxmayaraq, ruslar özlərində güc taparaq geridönüş ediblər. Digər iki seti qazanan ROK matçı tay-breykə daşıyıb. Tay-breykdə "xoruzlar" üstün olub. Beləliklə, 2 saat 28 dəqiqə davam edən dramatik görüşün sonunda Rusiya Olimpiya Komitəsinin komandasını 3:2 hesabı ilə məğlub edən Fransa voleybolda ilk dəfə Olimpiadanın qalibi olub.
 
Tokio-2020
Voleybol (kişilər)
 
Final
Fransa - ROK (Rusiya Olimpiya Komitəsi) - 3:2 (25:23, 25:17, 21:25, 21:25, 15:12)
 
Bürünc medal uğrunda görüş
 Argentina - Braziliya - 3:2 (25:23, 20:25, 20:25, 25:17, 15:13)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest