19 Avqust 2021, 17:24
TOP OYUNLARI
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko qarşıdakı Avropa çempionatı barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, federasiyanın rəsmi saytına açıqlamasında bunları söyləyib:
"Avqustun 18-də Avropa çempionatı start götürüb. Bizim ilk matçımız isə avqustun 20-də Belçika millisinə qarşı olacaq. çempionata hazırlıq mərhələmiz geridə qalıb. Bizi qarşıda maraqlı və gərgin oyunlar gözləyir.
İki aylıq hazırlıq mərhələsində fiziki, texniki, taktiki məşqlərlə bərabər yoxlama oyunları keçirdik və bir turnirdə iştirak etdik. Yoxlama oyunlarının və Macarıstanda təşkil olunan "Savaria" turnirinin komandamıza çox böyük təsiri oldu. Biz oyunlar zamanı gördük ki, daha çox nələrə diqqət etməli və nələrin üzərində daha çox işləməliyik. Ciddi və gərgin hazırlıq prosesində məşqlər zamanı mənim və bəzi oyunçularımızın zədələri oldu. Fiziki məşqçimiz və həkimimiz sayəsində bu zədələri qısa zamanda aradan qaldırmağa çalışdıq. Bu gün artıq hər şey geridə qalıb".
Stepanenko qitə yarışında var gücləri ilə çıxış etməli olduqlarını söyləyib: "Bəli güclü rəqiblərimiz var. Amma biz öz oynumuzu oynamalıyıq. Gözəl və səhvsiz oyunla bizi dəstəkləyən azarkeşləri sevindirməyə çalışacağıq".
Qeyd edək ki, A qrupunda yarışacaq Azərbaycan millisinin ilk matçı avqustun 20-də Belçika seçməsinə qarşı olacaq. Qrupda həmçinin Bosniya və Herseqovina, Rusiya, Fransa və Serbiya yığmaları da yer alıb. Yelizaveta Səmədova analıq məzuniyyətində olduğu üçün heyətə daxil edilməyib.