18 Sentyabr 2021, 16:41
TOP OYUNLARI
Sentyabrın 18-də Polşanın Katovitse şəhərində Avropa Voleybol Konfederasiyasının (CEV) XLII Baş Assambleyası keçirilib. Matc.az xəbər verir ki, CEV prezidenti Aleksandr Boriçiçin rəhbərlik etdiyi Assambleyaya 51 yerli federasiyanın nümayəndələri qatılıb. Yığıncaqda Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmiləri də iştirak edib.
Baş Assambleyada ölkəmiz CEV İdarə heyətinin üzvü, AVF-nin baş katibi Cəlil Cəfərov və Avropa İdman Təşkilatı Komissiyasının üzvü, AVF beynəlxalq əlaqələr şöbəsinin müdiri Mixail Frişman ilə təmsil olunub.
Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksand Boriçiç iştirakçıları salamlayıb və Katovitse şəhərində baş tutan XLII Baş Assambleyanı Avropa Voleybol ailəsinin son nailiyyətlərindən biri olduğunu qeyd edib. O,çıxışı zamanı bildirib ki: "Qlobal sağlamlıq böhranı bizi böyük problemlərlə üz -üzə qoydu. Amma Avropa idman qurumları arasında həmin problemləri düzgün həll edənlərdən biri də biz olduq və bunun üçün qürur duyuram.Həmin dönəmdə əsas məqsədimiz sağlamlığmızı qorumaq idi. Buna görə də ciddi qaydaları olan yarışlar təşkil edərək fəaliyyəmizi davam etdirdik. Bütün tərəfdaşlarımıza və Voleybol ailəmizin üzvlərinə təşəkkür edirəm və hər zaman açıq fikir mübadiləsinin və gözəl münasibətimizin davam etdirilməsini istəyirəm. Heç bir problemdən və ya səhv etməkdən qorxmamalıyıq. Voleybolu daha yüksəklərə qaldırmaq üçün bir komandanın üzvləri kimi birlikdə çalışmağa davam etməliyik".
CEV prezidenti Aleksandr Boriçiçin çıxışından sonra Vyanada keçirilən sonuncu Assambleyadan bir ilin keçməsini nəzərə alaraq sentyabrın 18-də keçirilən yığıncaqda bir il ərzində keçirilən yarışlar çempionlar Liqasının Super Finalları, Qitə Kuboku Finalı, EuroBeachVolley və səkkiz ölkədə keçirilən EuroVolley yarışı müzakirə olunub. Daha sonra isə qarşıda duran məsələlər, planlar və yarışlar haqqında ətraflı danışılıb. Əsas müzakirə olunan məsələlərdən biri isə çimərlik, Qar Voleybolunun daha da inkişaf etməsi, Zonal Assosiasiyaların köməyi və rəqəmsal vasitələrdən - sosial media kanallarından geniş istifadə etməklə gənclərin voleybola cəlb ediməsi olub.