Konfrans Liqasında "Soçi" ilə biabırçı oyunlardan sonra milli çempionata da uğursuz başlayan "Keşlə" baş məşqçi dəyişikliyinin astanasındadı. 4 turdan sonra hesabında xalı olmayan komanda rəhbərliyinin Sənan Qurbanovla yolları ayırması qaçılmazdı. 4 oyunda rəqib qapısına cəmi 1 qol vuran "Keşlə" başbilənləri haqlı olaraq nəticələrdən narazıdı və bu səbəbdən baş məşqçi dəyişikliyi etməkdə israrlıdı. Matc.az saytının əldə etdiyi məlumata görə, bu posta böyük ehtimalla Nazim Süleymanovu gətiriləcək.

"Keşlə" Premyer Liqanın növbəti turunda "Qarabağ"la qarşılaşacaq. Sentyabrın 25-də "ASK Arena"da baş tutacaq həmin görüşdə Sənan Qurbanovun komandasının xal qazanmaq şansı 0-a bərabərdi. VII turda isə iddialı "Sabah"la daha bir çətin oyun var. Bu 2 qarşılaşmadan sonra milli komandaların 2022-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki oyunları ilə bağlı Premyer Liqada fasilə yaranacaq ki, həmin vaxt Süleymanovun "Keşlə"yə təyinatı reallaşacaq.

Qeyd edək ki, Nazim Süleymanov "Xəzər Lənkəran", "Olimpik", "Neftçi" və "Sumqayıt" klublarında baş məşqçi, Azərbaycan yığmasında isə məşqçi kimi çalışıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest