Cüdo üzrə Təl-Əviv Qran-Prisinin üçüncü günündə daha 6 azərbaycanlı idmançı yarışa qoşulub. Matç.az saytının məlumatına görə, idmançılarımız günü iki medalla başa vurublar.

90 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Mehtiyev ilk olaraq Türkmənistan təmsilçisi İxlas Setdarovu məğlub edib. Kanadalı Mohab El Halasa da qalib gələn cüdoçumuz 1/4 finalda hollandiyalı Yesper Sminkə uduzub. Təsəlliverici görüşdə ABŞ idmançısı Kolton Brauna qalib gələn Mehtiyev bürünc medal uğrunda güləşməyə haqq qazanıb. Mükafat uğrunda həlledici görüşdə estoniyalı Klen Kristofer Kaljulayda qalib gələn cüdoçumuz yarışı medalla tamamlayıb.

Tural Səfquliyev isə ilk görüşündə Aatu Lamanenə (Finlandiya) qalib gəlsə də, hollandiyalı Bas Van Empelenə uduzaraq yarışı erkən başa vurub.

100 kq çəki dərəcəsində yarışan Elmar Qasımov da medalsız qalıb. İdmançımız rumıniyalı Luki Kunsabo ilə görüşü zədə səbəbindən başa çatdıra bilməyib və yarışla vidalaşıb.

+100 kq çəkidəki təmsilçimiz Şahin Qəhrəmanov da turnirə qələbə ilə start verib. çilili Fransisko Solisi yolundan kənarlaşdıran cüdoçumuz ukraynalı Yakov Hammoya uduzub və dayanıb.

Uşaqnki Kokouri də bürüncün biraddımlığında dayanıb. Daniel Natea (Rumıniya) və Aleksandr Vaxavyak (Belarus) qalibiyyətləri ilə yarımfinala yüksələn gürcü legioner öncə Or Sason (İsrail), ardınca isə Anton Krivobokova uduzaraq medaldan əlini üzüb.

Qadınların yarışında isə 78 kq çəki dərəcəsində mübarizə aparan İrina Kindzerskaya sıra ilə Laura Fuso (Fransa), Sandra Yablonskit (Litva), Ann-Mari Velensek (Sloveniya) və Yelizavet Kalanini (Ukrayna) məğlub edib və qızıl medalı boynundan asıb.

Qeyd edək ki, 53 ölkədən 373 cüdoçunun qatıldığı İsrail turnirinin üç yarış günündə Azərbaycanın 16 təmsilçisindən İbrahim Əliyev (66 kq), Murad Fətiyev (81 kq) və Uşangi Kokauri (+100 kq) 5-ci yerlə kifayətlənib, Rövşən Əliyev, Rəşad Yelkiyev (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Buyankişiq Purevsuren (hər ikisi 52 kq), İçinxorlo Munxtsedev (57 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Tural Səfquliyev (90 kq), Elmar Qasımov (100 kq) və Şahin Qəhrəmanov (+100 kq) isə daha erkən məğlub olaraq, mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest