Dortmund "Borussiya"sı Almaniya Bundesliqasının 16-cı turu çərçivəsində "Qroyter"ə 3:0 hesabıyla qalib gəlib. Matc.az xəbər verir ki, "Siqnal İduna Park" stadionunda baş tutan bu görüş meydan sahiblərinin hücumçusu Erlinq Haland üçün əlamətdar olub.
 
Bu qarşılaşmada dubla imza atan norveçli forvard Dortmund təmsilçisində 2021-ci il ərzində vurduğu qolların sayını 30-a çatdırıb. Bununla da o, "Borussiya"nın bir təqvim ili ərzində Bundesliqada ən çox fərqlənən oyunçusuna çevrilib.
 
21 yaşlı hücumçu bu dublu sayəsində daha bir ilkə imza atıb. Belə ki, o, Almaniya Bundesliqası çərçivəsində vurduğu ümumi qolların sayını 53-ə çatdırıb. Erlinq buna 53 oyunda nail olub. Bununla da norveçli forvard Almaniya çempionatı çərçivəsində 53 oyunda 53 qol vurmağı bacaran ilk futbolçu kimi tarixə düşüb.
 
Haland 2019/20 mövsümündən "Borussiya"da çıxış edir. O, bu komandanın heyətində bütövlükdə 74 oyuna çıxıb, 76 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest