18 Dekabr 2021, 11:42
TOP OYUNLARI
Voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarının 2021/22 mövsümünün açılış mərasimində Voleybol Federasiyasının 1-ci vitse-prezident Faiq Qarayev də çıxış edib
Voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarının 2021/22 mövsümünün açılış mərasimində Voleybol Federasiyasının 1-ci vitse-prezident Faiq Qarayev də çıxış edib. Matc.az xəbər verir ki, o, "Murov" voleybol klubunun Biləcəridə yerləşən idman zalında təşkil edilən tədbirdə bunları söyləyib:
"İlk növbədə yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçildiyim üçün ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edirəm. Bu, Azərbaycan Voleybol Federasiyasına və mənə olan böyük hörmətdir. Azərbaycanda voleybol çox sevilir. Koronavirus pandemiyası və klubların fəaliyyətinin dayandırması vəziyyəti bir az çətinlişdirdi. Amma Azərbaycanda voleybol çox populyardır. çalışmalıyıq ki, ölkəmizdə voleybol daha da çox sevilsin, gənclər bu idman növünə cəlb olunsun. Böyük planlarımız var, mən artıq bidiyiniz kimi "Azərreyl" klubuna keçirəm, bu klubu götürürəm. "Azərreyl" bir markadır. Bu klub ölkə başçısının təşəbbüsü ilə yaradılmışdı. Federasiya prezidenti Cavid Qurbanovla da məsləhətləşdik. İndidən klubun təməli qurulur. Biz "Azərreyl"in gələn il avrokuboklarda oynamasını istəyirik. Həmişəki kimi, "Azərreyl"in bazasında milli komandanın bünövrəsi qoyulsun. Hələ gücüm var. İşləmək istəyirəm. Mən "Azərreyl"ə keçirəm, bu klubu götürürəm. Milli komandaya rəhbərlik etmək istəyirəm. Amma yanımdakı məşqçilərlə birlikdə bir sistem şəklində. Mənim yerim zaldır. İnanıram ki, var gücümüzü qoyub, Azərbaycan voleybolunu yüksəklərə qaldıracağıq.
Demək olar ki, iki ildən sonra çempionatımıza start verdik. çempionatda kifayət qədər gənc voleybolçular iştirak edir. Federasiya olaraq qoyduğumuz tələb ondan ibarətdir ki, komandalar gündə 4-5 saat məşq etməlidir. Amma məşq üçün zallar lazımdır, yeməkləri, dincəlmək üçün otaqları olmalıdır. Federasiya bu proseslər üzərində işləyir. ölkə çempionatını yaratmaq çox çətin idi. Yəqin ki, başqa klublar da bizə qoşular. Planımız gələn il 8 kişi, 8 qadın komandasının çıxış etməsidir. Dağılan klubların yenidən fəaliyyətini davam etdirməsini istəyirik. Cəlilabaddan 5 oyunçu gətirmişik. Boyları 195-196 sm-dir. Mənə məlumat verdilər ki, Şəkidə 2 metr boyunda üç voleybolçu var. Onlar təcili gəlməlidirlər. Onlara şərait yaratmalıyıq. Federasiya bu gün bu məsələlərlə məşğuldur. Gələn il bir qadın və bir kişi komandasını avrokubokda görmək istəyirik".