İspaniyanın "Malyorka" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi İtaliyanın "Latsio" klubundan Vedat Muriqini heyətinə qatıb.
 
Bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. Muriqi mövsümün sonuna qədər icarəyə götürülüb. 
 
Vedat Muriqi 2020-ci ilin sentyabrından "Latsio"da çıxış edirdi. Kosovo millisinin də üzvü olan hücumçu, paytaxt təmsilçisində 49 matça çıxsa da, cəmi 2 qol vura bilib. 27 yaşlı oyunçu karyerasının böyük hissəsini Türkiyədə keçirib. O, "Girəsunspor", "Gənclərbirliyi", "Rizəspor" klublarının formasını geyindikdən sonra 2019/20 mövsümündə "Fənərbaxça"da çıxış edib. Kosovo yığmasında 37 oyun keçirmiş hücumçu, 18 qola imza atıb.
 
"Malyorka" Uruqvay yığmasının yarımmüdafiəçisi Covanni Qonsalesi də transfer edib. 27 yaşlı futbolçu ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb. "Penyarol"dan transfer olunan sağ cinah oyunçusu, 2018-ci ildən bu komandanın uğurları üçün çalışırdı. Montevideo "River Pleyt"ində də oynamış Qonsales, Uruqvay yığmasında 16 oyuna çıxıb.
 
Yeri gəlmişkən, "Latsio" Muriqidən başqa, sol cinah müdafiəçisi Riza Durmisini də Niderlandın "Sparta" (Rotterdam) klubuna icarəyə verib. 28 yaşlı futbolçu da mövsümün sonuna kimi bu komandada forma geyinəcək. Danimarka yığmasının üzvü 2018-ci ildən "Latsio"da forma geyinsə də, əsas heyət üzvünə çevrilə bilmir. O, daha öncə "Nitsa" və "Salernitana"ya da icarəyə verilib. Durmisi "Latsio"dan əvvəl "Bröndbü" və "Betis"də də oynayıb.
 
İtaliya klubu gedənlərin yerini Kabo Verde yığmasının yarımmüdafiəçisi Jovane Kabral ilə doldurub. 23 yaşlı futbolçu Lissabon "Sportinq"indən transfer olunub. Vinger satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb. Onun transfer qiymətinin 8 milyon avro olduğu bildirilir. Portuqaliya təmsilçisində 97 matça çıxan oyunçu, 21 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest