Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrənin oyunlarına start verilib. Matc.az xəbər verir ki, ölkə çempionatının IV turunun görüşləri Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.
 
Günün ilk görüşündə "Murov" "Azərreyl"lə üz-üzə gəlib. Matç Vüqar Əliyevin yetirmələrinin üstünlüyü ilə başlayıb. Əsasən gənclərdən qurulan komanda "Azərreyl"ə ciddi müqavimət göstərib. İlk hissəni 27:25 hesabı ilə qalib gələn komanda ardınca 25:27 hesabı ilə uduzub. üçüncü hissə də "Murov"un xeyrinə başa çatıb – 25:22.  Dördüncü setdə Famil Ağayevin komandası 25:21 hesabı ilə hissələrin fərqini bərabərləşdirib. Lakin onlar tay-brekdə 14:16 hesabı ilə məğlub olublar. 3:2 (27:25, 25:27, 25:22, 21:25, 16:14) hesablı qələbə "Murov"un mövsümdə ilk qalibiyyəti olub.
 
Ardınca UNEC–lə "Abşeron" gücünü yoxlayıb. Bu qarşılaşma da gözlənilməz nəticə ilə başlayıb. UNEC lideri ilk hissədə 25:23 hesabı ilə məğlub edib. Lakin hesabda geri düşməkdən nəticə çıxaran Eldar Yusubovun komandası ardıcıl 3 hissəni hesabına yazaraq, məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib - 3:1 (23:25, 25:12, 25:18, 25:7).
 
Beləliklə, IV turdan sonra "Abşeron" 12 xalla turnir cədvəlinin ilk pilləsindəki yerini möhkəmlədib. İkinci yerdə gedən "Azərreyl" liderdən artıq 5 xal geri qalır. "Murov" qələbə sayəsində xal ehtiyatını 3-ə çatdıraraq, 3-cü yerə yüksəlib. Sonuncu yerdə olan UNEC isə 2 xala malikdir. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest