Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi çili yığmasının yarımmüdafiəçisi Erik Pulqarı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu İtaliyanın "Fiorentina" klubundan mövsümün sonuna kimi icarəyə götürülüb.
 
Erik Pulqar 2019-cu ildən "Fiorentina"da çıxış edir. çili yığmasının üzvü daha öncə "Deportes Antofaqasta", "Universidad Katolika" və "Bolonya" klublarında da çıxış edib. Florensiya təmsilçisində 80 oyunda 8 qol vurmuş futbolçu, millidə də 38 matça çıxıb, 4 qola imza atıb.
 
"Qalatasaray" gənc futbolçularından özgür Baran Aksaka ilə də yeni müqavilə imzalandığını açıqlayıb. Tərəflər 3.5 illik sözləşməyə imza atıblar.
 
İstanbul təmsilçisinin tezliklə sabiq müdafiəçisi Semih Kaya ilə də müqavilə bağlaması gözlənilir. Belə ki, son olaraq "Yeni Malatyaspor" klubunda çıxış edən futbolçu bir neçə gün öncə qarşılıqlı razılıq əsasında Malatya təmsilçisi ilə müqaviləsinə xitam verib. O, ilyarım idi bu komandanın uğurları üçün çalışırdı. Təcrübəli futbolçu bu müddət ərzində 56 oyuna çıxıb.
 
30 yaşlı stopperin məhz "Qalatasaray"dan aldığı təkliflə əlaqədar "Yeni Malatyaspor"u tərk etdiyi iddia olunur. Artıq tərəflər bütün məsələlərdə razılığa gəliblər. Qısa zaman içində tibbi müayinədən keçəcək Semih, sabiq klubu ilə rəsmi müqavilə imzalayacaq. Onun mövsümün sonuna qədər "Qalatasaray"da forma geyinəcəyi bildirilir.
 
Xatırladaq ki, Semih Kaya 2011-2017-ci illər aralığında məhz "Qalatasaray"da forma geyinib. Ardından 3 mövsüm çexiyanın "Sparta" (Praqa) klubunda çıxış edən futbolçu, ötən mövsümün əvvəlində "Yeni Malatyaspor"a transfer olunmuşdu.
 
Yeri gəlmişkən, "Qalatasaray"ın futbolçusu Omar Elabdellauidə koronavirus aşkarlanıb. Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Karantinə alınan Mərakeş əsilli norveçli müdafiəçinin müalicəsinə başlanılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest