11 Fevral 2022, 23:28
TOP OYUNLARI
Voleybol üzrə qadınlar arasında keçirilən Azərbaycan Super Liqasının ikinci dövrəsinin oyunları başa çatıb. Matc.az xəbər verir ki, 6-cı tur çərçivəsində "Abşeron" "Murov"la, "Azərreyl" UNEC-lə üz-üzə gəlib.
Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunan turun ilk matçında "Abşeron" "Murov"la qarşılaşıb. Eldar Yusubovun komandası hesabat turunu da məğlubiyyətsiz başa vurub. "Abşeron" ilk hissəni 25:21 hesabı ilə qalib gəlsə də, ikinci hissədə 25:16 hesabı ilə sevinən tərəf "Murov" olub. Bu hissədəki məğlubiyyətdən nəticə çıxaran "Abşeron" sonrakı hissələri hesabına yazdırıb - 25:20, 25:21.
İkinci dövrənin son matçı "Azərreyl" və UNEC komandaları arasında keçirilib. Tay-brekə kimi davam edən matçın ilk hissəsində 29:27 hesabı ilə UNEC komandası qalib gəlib, ikinci setdə toparlanan "Azərreyl" 25:14 hesabı ilə qalib gələrək hesabı bərabərləşdirib - 1:1. üçüncü set isə UNEC-in xeyrinə sona çatıb - 25:23. Matçın dördüncü hissəsini "Azərreyl" 25:16 hesabı ilə aktivinə yazdırsa da, həlledici setdə UNEC daha səhvsiz oynayaraq 15:12 qalib gəlib və görüşün hesabını rəsmiləşdirib – 3:2.
Beləliklə, 6 turdan sonra xal itirməyən "Abşeron" 18 xalla turnir cədvəlinə başçılıq edir. 8 xala malik "Azərreyl" ikinci, ondan 2 xal geri qalan "Murov" üçüncü yerdə qərarlaşıb. Sonuncu olan UNEC-in hesabında isə 4 xal var.