Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında VIII turun təxirə salınan oyunları keçirilib. Matc.az xəbər verir ki, təşkil olunan 2 matçla III dövrə başa çatıb.
 
Turun ilk qarşılaşmasında "Azərreyl" "Abşeron"la üz-üzə gəlib. Qarşılaşma Eldar Yusubovun komandasının üstünlüyü ilə başlayıb. "Abşeron" ilk hissəni 25:16 hesabı ilə aktivinə yazıb. Növbəti 2 hissədə də rəqibindən üstün oyun nümayiş etdirən komanda 3 xalı 3 setlə qazanıb - 3:0 (25:16, 25:21, 25:16).
 
Günün ikinci matçında UNEC "Murov"la görüşüb. Bu matçın qalibi tay-brekdə bəlli olub. Birinci hissədə rəqibinə 21:25 hesabı ilə məğlub olan Vüqar Əliyevin komandası növbəti 2 setdə 25:16, 25:16 qalib gəlib. Dördüncü hissəni UNEC komandası 28:26 hesabı ilə qazanaraq ümumi hesabı bərabərləşdirib - 2:2. Həlledici setdə 15:11 hesabı ilə qalib gələn "Murov" görüşün hesabını müəyyənləşdirib – 3:2. 
 
3 dövrədən sonra "Abşeron" 27 xalla turnir cədvəlində liderliyini davam etdirir. Sözügedən komanda artıq çempionluğunu rəsmiləşdirib. Bugünkü qələbədən sonra xallarını 27-yə çatdıran komanda sona 3 tur qalmış qızıl medalları təmin edib. "Azərreyl" 14 xalla ikinci pillədə qərarlaşıb. 8 xala malik "Murov" üçüncü, 5 xal toplayan UNEC dördüncü yerdədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest