Həndbol üzrə Azərbaycan çempionatında 4-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, günün ilk oyununda kişilərdən ibarət U-18 İdman Akademiyası və "Bakı" komandaları üz-üzə gəliblər. Gərgin və maraqlı mübarizə ilə yadda qalan görüş "Bakı"nın qələbəsi ilə nəticələnib – 27:22.
 
Kişilərin mübarizəsində "Gənclər Birliyi" – "Məhsul" görüşü də maraqlı idman mübarizəsi şəraitində keçib. İlk hissəni 13:12 hesabıyla öndə bitirən "Məhsul" üstünlüyü sonadək qoruya bilməyib. Fasilədən sonra vəziyyəti dəyişməyi bacaran "Gənclər Birliyi" 28:24 hesabı ilə qalib gəlib.
 
U-16 – "Təhsil" qarşılaşmasında nominal qonaqların imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar. Rəqibin ciddi müqavimətinə baxmayaraq. oyun "Təhsil"in qələbəsi ilə yekunlaşıb - 35:33.
 
Kişilərdən ibarət komandaların çempionatında 8 xalla "Bakı" liderlik edir. U-18 İdman Akademiyası və "Təhsil"in hərəyə 5 xalı var. U-16 3 xalla 4-cüdür. "Gənclər Birliyi"nin 2, "Məhsul"un 1 xalı var.
 
Qadın həndbolçuların yarışında iki qarşılaşma olub. "Azərsu" -  "Qarabağ" matçının ilk hissəsindən təşəbbüsə yiyələnən "Qarabağ" fasiləyədək əldə etdiyi üstünlüyü ikinci hissədə daha da möhkəmləndirərək inamlı qələbə çalıb – 36:10.
 
"İdman Akademiyası" – "Azəryol" görüşündə də nominal qonaqlar etimadı doğruldublar. "Azəryol"un tam üstünlüyü şəraitində keçən oyun 18:43 hesabı ilə başa çatıb.
 
Qadınların mübarizəsində 3 oyundan 6 xalla "Azəryol" liderdir. "Qarabağ" 4 xalla ikincidir. "İdman Akademiyası" ilə "Azərsu"nun hərəyə 1 xalı var.
 
çempionatın aprelin 9-da keçiriləcək növbəti turunda "Məhsul" – "Bakı", "Qarabağ" - "İdman Akademiyası", U-18 İdman Akademiyası - "Təhsil", "Azərsu" - "Azəryol" və "Gənclər Birliyi" - U-16 oyunları olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest