Final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının Avropa üzrə ilkin seçmə mərhələsinə yekun vurulub. Matc.az xəbər erir ki, 24 futzal yığmasının yarışdığı bu mərhələdən əsas raunda reqlamentə uyğun olaraq 12 komanda – Avstriya, Kipr, Danimarka, Almaniya, Yunanıstan, İsrail, Kosovo, Litva, Moldova, Monteneqro, İsveç və Ermənistan vəsiqə qazanıb. 
 
Əsas mərhələdə 36 komanda iştirak edəcək ki, onlardan 24-ü (ən yüksək reytinqə malik olduqlarına görə) məlum idi. Millimiz də mübarizəyə məhz bu mərhələdən başlayacaq: İspaniya, Rusiya (növbəti qərara qədər bu komanda FİFA və UEFA bayrağı altında keçiriləcək bütün yarışlardan kənarlaşdırılıb), Portuqaliya (son qalib), Qazaxıstan, Xorvatiya, Serbiya, Azərbaycan, İtaliya, çexiya, Ukrayna, Sloveniya, Bosniya və Herseqovina, Polşa, Finlandiya, Rumıniya, Slovakiya, Gürcüstan, Belarus, Niderland, Macarıstan, Fransa, Belçika, Latviya və Şimali Makedoniya.
 
Əsas mərhələnin püşkü bu il iyulun 6-da atılacaq, qrup oyunları isə 2023-cu il martın 8-dək yekunlaşacaq. 36 komanda hər birində 3 iştirakçı olmaqla 12 qrupa səpələnəcək. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 milli birbaşa elit raunda yüksələcək. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. 2023-cu il martın 10-da pley-off cütlükləri müəyyənləşəcək, oyunlar isə təxminən bir ay sonra – 10-19 apreldə keçiriləcək. Ev-səfər matçlarının yekununda üstün olan 4 yığma elit raunda yollanacaq. 
 
20 komanda 5 qrupda
 
Elit raundun püşkü 2023-cü il iyulun 5-də atılacaq, həmin il dekabrın 20-dək qrup matçları yekunlaşdırılacaq.  20 komanda 5 qrupda yarışacaq. Hər qrupda 4 komanda ev-səfər olmaqla mübarizə aparacaq. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 "ikinci" isə pley-off oyununda iştirak edəcək. Əgər final mərhələsinə evsahibliyi Avropa ölkələrindən birinə verilərsə, o zaman pley-off mərhələsinə ən yaxşı göstəriciyə malik 2 "ikinci" vəsiqə qazanacaq. Elit raundun pley-off oyunlarının püşkü 2024-cü il yanvarın 25-də, oyunları isə 8-17 aprel tarixlərində keçiriləcək. 
 
Dünya çempionatının final mərhələsində ümumilikdə 24 komanda iştirak edəcək. Milli komandamız mundialda 2016-cı ildə debüt edib və mübarizəni 1/4 finalda dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest