Həndbol üzrə ölkə çempionatında qadınlardan ibarət komandaların yarışına yekun vurulub. Matc.az xəbər verir ki, çempionatın əsas favoriti sayılan "Azəryol" son turda da azarkeşlərini inamlı qələbə ilə sevindirib. 
 
"İdman Akademiyası" ilə oyunun ilk hissəsindən təşəbbüsə yiyələnən "Azəryol" görüşü 42:19 hesabı ilə başa vuraraq növbəti çempionluğu rəsmiləşdirib.
 
Son turadək qızıl medallara nəzəri imkanlarını qoruyan "Qarabağ" "Azərsu" ilə oyunda öz üzərinə düşən vəzifənin öhdəsindən gəlsə də, 33:20 hesablı qələbə ilə yalnız ikinci yerlə kifayətlənməli olub.
 
2 xala malik "İdman Akademiyası" ilə "Azərsu" vurulan və buraxılan topların fərqinə əsasən müvafiq olaraq sonrakı yerləri bölüşüb.
 
Kişilərdən ibarət komandaların yarışında da qızıl medalların sahibi müəyyənləşib. 9-cu turda U-18 komandasına 31:24 hesabı ilə qalib gələn "Bakı" son oyunların nəticəsindən asılı olmayaraq, pərəstişkarlarına çempionluq sevinci yaşadıb. Bu tura qədər çempionluq imkanlarını qoruyan "Təhsil" U-16 üzərindəki 26:25 hesablı qələbə ilə yalnız gümüş medallarla kifayətlənməli olacaq.
 
"Məhsul" – "Gənclər Birliyi" görüşünü 31-25 hesablı qələbə ilə başa vuran nominal ev sahibi aktivinə 7-ci xalı yazdırıb.
 
Bürünc mükafatçının adına aydınlıq gətirəcək 10-cu turda "Bakı" "Məhsul" ilə, "Təhsil" U-18 İdman Akademiyası ilə, U-16 "Gənclər Birliyi" ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest