06 May 2022, 17:09
TOP OYUNLARI
22 yaşadək gənc oğlan voleybolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının təsnifat oyunları üçün təlim-məşq toplanışı davam edir. Matc.az xəbər verir ki, komandamız Bakıda təşkil olunan təlim-məşq toplanışını "Murov" Voleybol Klubunun və "Sərhədçi" Olimpiya İdman Mərkəzinin idman zallarında keçir.
Millimizin baş məşqçisi Eldar Əliyev Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında voleybolçularımızın yüksək əhval-ruhiyyədə olduğunu deyib:
"22 yaşadək voleybolçulardan ibarət yığmamızın hazırlığı yüksək səviyyədə davam edir. Təsnifat oyunlarına hazırlığımız iki mərhələdən ibarətdir. Ilkin mərhələyə aprelin 29-da 14 idmançı ilə Bakıda start verdik. Komandamızda yüksək əhval-ruhiyyə var. Bakıdakı məşqlərimiz əsas texniki və fiziki məşqlərdən ibarətdir, ikinci mərhələdə isə bir neçə yoxla oyunlarının keçirilməsi planlaşdırılıb. Mayın 14-də son heyətlə Türkiyəyə yola düşəcəyik. Komandamız Ankara şəhərində təlim-məşq toplantısı ilə bərabər, Türkiyə millisilə (U-22) bir neçə yoxlama oyunu keçirəcək".
Əliyev təlim-məşqlərə dəvət etdiyi voleybolçuların hazırkı durumunu da dəyərləndirib: "Bildiyiniz kimi bu gün milli komandanın düşərgəsində olan oyunçular "Murov" və MOİK komandalarında çıxış edən voleybolçulardır. Millizin əsas 3 oyunçusu ölkə çempionatı zamanı çıxış etdiyi klubda zədə aldıqları üçün bu yarışda iştirak edə bilməyəcəklər. Bu gün komandamızda olan oyunçuların əksəriyyəti EEVZA və EYOF yarışlarında çıxış etmiş idmançılardır. Düşürəm ki, həmin oyunçuların təcrübəsi bizə yarış zamanı çox kömək edəcək. Komandamızda gənc və perspektivli idmançılarımız var ki, inanıram onlarda təsnifat oyunlarında yaxşı çıxış edəcəklər".
Əliyev komandasına böyük ümid bəslədiyini deyib. Onun sözlərinə görə, əsas hədəf yaxşı oyun göstərmək və Avropa çempionatına vəsiqə əldə etməkdir: "Aç-2022-nin təsnifat mərhələsində Niderland, Slovakiya və Kosovo milliləri ilə bir qrupda mübarizə aparacağıq. Baş məşqçi olaraq inanıram ki, komandamız səhvsiz və yaxşı oyun göstərsə, Avropa çempionatına vəsiqə əldə edə bilərik. Bu günə kimi voleybol üzrə gənc oğlanlardan və qızlardan ibarət milli komandalarımız Avropa çempionatının finalında iştirak etməyib. Düşünürəm ki, bu şansı dəyərləndirməliyik".