"Sumqayıt"ın belaruslu baş məşqçisi Aleksey Baqa Qazaxıstan mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, Qazaxıstanla eyni qrupda yer alan Azərbaycan və Belarus yığmalarını dəyərləndirən mütəxəssis hər iki komandanın bərabər səviyyədə olduğunu deyib:

"Qrupda Slovakiya kimi güclü komandanın olmasına baxmayaraq, düşünürəm ki, Azərbaycan və Belarusun şansları pis deyil. Demək olar ki, bunlar bərabər səviyyəli komandalardır. Hər iki yığmada həm legionerlər, həm də yerli çempionatlarda çıxış edən parlaq futbolçular var. Azərbaycandakı təcrübəmə əsaslanaraq bunu əminliklə deyə bilərəm. Belarus millisinin oyunçularını da yaxşı tanıyıram. Onu da qeyd etmək yerinə düşər ki, hər iki komandada həm futbolçu, həm də məşqçi kimi özünü doğrultmuş kifayət qədər təcrübəli mütəxəssislər çalışır. Burada da bərabərlik var.

Yeganə fərq ondadır ki, Belarus məlum səbəblərə görə ev oyununu Serbiyada keçirəcək. Bu, Azərbaycan komandası üçün kiçik bir üstünlükdür. Onlar arasında ilk oyun Minskdə keçirilsəydi, Belarus millisinin futbolçularına daha çox emosiya və güc qatardı.

Hər iki komandadan yaxşı oyun gözləyirəm. Onlara uğurlar, zədəsiz oyunlar arzulayıram. Nə qədər bayağı səslənsə də, ən güclü qalib gəlsin. Yenə də deyirəm ki, komandalar demək olar ki, bərabərdirlər və bunu göstərən faktorlar çoxdur. ümid edirəm ki, turnir həm Azərbaycan, həm də Belarus üçün uğurlu olacaq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest