Millətlər Liqasında I dövrəyə yekun vurulub. Matç.az saytı xəbər verir ki, bu gün start götürəcək II dövrənin üç gün davam edəcək oktyabr görüşləri bəzi yığmalar üçün həlledici xarakter daşıyır.
IV tur 10 milli üçün həlledici xarakter daşıya bilər. Söhbət onların yuxarı liqaya vəsiqənin təmin etməsi və aşağı dəstəyə yuvarlanmasından gedir.
Yəni 55 iştirakçıdan 10-u ya birinci, ya sonuncu yeri rəsmiləşdirmək imkanına malikdi. Hələ neçə komanda da ya zirvə şansını itirəcək, ya da liqada yerini təmin edəcək.
A liqası
2-ci qrupda İslandiya liqa ilə vidalaşmamaq üçün mütləq qalib gəlməlidi. İsveçrə ilə görüşdəki xal itkisi şimallıların növbəti mövsüm B liqasında oynaması anlamına gələcək.
4-cü qrupda İspaniya final mərhələsinə vəsiqəni təmin edə bilər. Bunun üçün pireneylilər İngiltərəyə qalib gəlməlidi.
3-cü qrupda hər üç komandanın taleyi müəyyənləşmək üzrədi. Polşa və İtaliya arasında görüşdə məğlub olan yığma A liqasına vida edəcək. Görüşdə heç-heçə qeydə alınsa, Portuqaliya 1-ci yerlə final mərhələsinə yüksələcək.
B liqası
1-ci qrupun lideri Ukrayna noyabr matçlarını formallığa çevirməyə çalışır. Onlar bu tur 1 xal qazansa, 1-ci yeri və A liqasına vəsiqəni təmin edəcək. Ukraynalıların rəqibi ən yaxın izləyicisi çexiya olacaq.
C liqası
3-cü qrupda qalib və sonuncunun müəyyənləşməsi mümkündü. Amma bunlardan ikisi eyni vaxtda rəsmiləşə bilməz. Bolqarıstan B liqasına qalxmaq üçün ən yaxın izləyicisi Norveçə qalib gəlməli, üstəlik 3-cü pillədə olan Kiprin xal itkisini arzulamalıdı.
Bunun əksi gerçəkləşsə, yəni Kipr Sloveniyaya qalib gəlsə, Norveç isə liderdən xal alsa, qrup sonuncusu bəlli olacaq. Sloveniya Azərbaycan millisinin mübarizə apardığı D liqasına enəcək.
D liqası
1-ci qrupun lideri Gürcüstan yüksəliş şansına malikdi. Qonşularımız Latviyaya qalib gəlsə, digər oyunun nəticəsindən asılı olmadan C liqasına yüksəlir. Gürcüstanlıların heç-heçə ilə bunu rəsmiləşdirməsi d mümkündü. Amma bunun üçün Qazaxıstan Andorra görüşündə də bərabərlik qeydə alınmalıdı.
4-cü qrupda Makedoniyanın 1-ci yer tutması üçün hər iki görüş münasib nəticə ilə bitməlidi. Balkanlılar Ermənistana qalib gəlsə, Lixtenşteynlə Cəbəllütariq isə sülhə imza atsa, qalib bəlli olacaq.