Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyində yarımfinalçıların adlarına aydınlıq gəlib. Matç.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, 1/4 final mərhələsinin yekununa əsasən Azərbaycan millisinin 3 üzvü də mübarizəni davam etdirəcək.
Belə ki, yarımfinala gedən yolda 4 boksçumuz rinqə çıxıb. Onlardan Əli Zamanov (48 kq) Krasimir Churovla (Bolqarıstan) gücünü yoxlayıb. İlk 2 döyüşündə Hayk Alaberkyan (Ermənistan) və Eduard Voskanyanı (Rusiya) məğlub edən idmançımız bu dueldən də qalib ayrılıb. Həmyerlimiz bolqarıstanlı rəqibinə 3:2 (30:27, 28:29, 29:28, 30:27, 27:30) hesabı ilə qalib gəlib. Zamanov final üçün Mixail Taranu (Moldova) ilə döyüşəcək.
80 kq çəki dərəcəsində qüvvəsini sınayan Murad Allahverdiyev də yarımfinala vəsiqə qazanıb. 1/8 finalda türkiyəli Əmir Böyükdağı mübarizədən kənarlaşdıran təmsilçimiz növbəti görüşdə Vladislav Novikova (Belarus) tam üstünlüklə qalib gəlib. O, üçüncü qarşılaşmasında Andrey Voyvodinlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək.
Digər boksçumuz Əhməd Əhmədov (+80 kq) da görüşü aktivinə yazıb. Serbiyalı Mixail Miliçə tam üstünlüklə qalib gələn boksçumuz 1/4 finalda litvalı Edvin Ostapenkonu 5:0 (30:27, 30:27, 29:28, 30:26, 30:27) hesabı ilə məğlub edib. Əhmədov yarımfinalda macarıstanlı Levent Kisslə qüvvəsini sınayacaq.
Bu 3 boksçumuz 1/2 finala yüksəlməklə, özləri üçün ən azı bürünc medalı da təmin ediblər.
Onlardan fərqli, Türkeş Mustafayevin (66 kq) 1/4 final qarşılaşması məğlubiyyətlə yekunlaşıb. Həmyerlimiz rusiyalı İqor Kuznetsova uduzub.
Qeyd edək ki, Avropa birinciliyində bu gün istirahət günüdür. Yarımfinal görüşləri sabah keçiriləcək.