Malta ilə Millətlər Liqasının bu gün keçiriləcək oyunu Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. Matç.az saytı xəbər verir ki, 46 yaşlı mütəxəssis yığmamızı yubiley – 10-cu dəfə meydana çıxaracaq.
Bu, həm də millinin 2018-ci ildə 10-cu sınağıdı. Qurbanovlu komandamız bu görüşlərdə 3 dəfə qalib gəlib, 4 heç-heçə edib və yalnız 2 dəfə uduzub. 11 qol vuran yığmamız öz qapısından 7-ni buraxıb.
Onun yetirmələri 3 rəsmi matçda uduzmayıb. Millətlər Liqasında 1 qələbə və 2 heç-heçəsi olan milli top fərqində də öndədi – 4:1.
ümumilikdə isə Malta ilə qarşılaşma komandanın tarixində 244-cü görüş olacaq. İlk matçını 1992-ci il sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirən millimiz indiyədək 243 oyuna çıxıb.
Yığmamız 26 ildə 47 qələbə qazanıb. Hesabında 66 heç-heçə olan milli 130 dəfə azarkeşlərini məyus edib. Futbolçularımız bu görüşlərdə 181 qol vurub, əvəzində 407-ni buraxıb.
Qarşıdakı matç komandamızın rəsmi yarışlarda 122-ci matçıdı. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri, həmçinin Millətlər Liqasında ümumilikdə 121 görüş baş tutub. Cəmi 14 qələbəsi olan yığma yubiley – 15-ci uğurun astanasındadı. 82 dəfə uduzan futbolçularımız 25 dəfə bərabərliklə kifayətlənib. Bu gün milli uduzmasa, tarixində 40-ci dəfə meydanı xalla tərk edəcək. Vurulacaq ilk top isə yubiley – 70-ci olacaq. 69 qol vuran futbolçularımız 252-ni buraxıb.