"Oyunun ikinci hissəsinin əvvəlindən narazı qaldım". Matc.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf deyib.
 
Rumıniyalı mütəxəssis Konfrans Liqasının "Aris"lə Kiprdəki matçı barədə fikirlərini açıqlayıb: "Biz meydana daxil olduqdan sonra futbolçular pis reaksiya verdilər. İlk yarıda qol vura bilərdik. İndi analiz etmək çətindir. Onlarla söhbət etmişəm. Demişəm ki, Bakıda daha yaxşı hazırlaşmalıyıq. "Aris"i təbrik edirəm. Amma cavab oyunumuz var. Azarkeşlərimizlə birlikdə qələbə qazanmağa, mərhələ adlamağa çalışacağıq".
 
47 yaşlı mütəxəssis cavab görüşü barədə də danışıb: "Fiziki cəhətdən hər şeyin qaydasında olduğunu düşünürəm. Bakıda daha çox mübarizə aparmalıyıq. Həmin qarşılaşma fərqli olacaq. Daha aqressiv olmalıyıq. Rəqib qapısına qollar vurmalıyıq. Hər imkandan yararlanmalıyıq".
 
Regekampf komandada döyüş ruhunun vacibliyini qeyd edib: "Komandada daha çox döyüş ruhu olmalıdır. Futbolçular özlərinə inanmalıdır. "Neftçi"də, böyük tarixə malik klubda oynadıqları üçün meydanda daha çox şey etməlidirlər. Sabahdan cavab görüşünün hazırlığına başlayacağıq. 0:2 hesabı ilə uduzmağımız normaldır. İkinci görüşdə nə itirə bilərik ki? Yalnız qələbə qazanmalıyıq. Qarşılaşmaya hazırlaşıb geridönüş etməliyik. Azarkeşlərin nəticədən narazı qaldıqlarını bilirəm. Komandam adından onlardan üzr istəyirəm".
 
Mütəxəssis "Aris" haqqında danışmaq istəmədiyini deyib: "Yalnız öz komandam haqqında danışıram. Bizim ikinci hissədəki oyunumuz gözlənilməz idi. Bunu analiz edib, ikinci görüşdə daha hazırlıqlı olacağıq".
 
Baş məşqçi rəqibə yuxarıdan aşağı baxmadığını diqqətə çatdırıb: "Onları təbrik edirəm. Amma bizim cavab oyunumuz var. Hər şey mümkündür. Birinci hissədə şanslardan birini qola çevirsəydik, nələr baş verəcəyini bilmək olmaz. Rəqibə böyük hörmətimiz var. Amma mübarizə aparacağıq".
 
Qeyd edək ki, cavab görüşü bir həftə sonra Bakıda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest