17 Fevral 2019, 22:13
DÖYÜŞ NÖVLƏRİ
İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku turnirinə yekun vurulub. Matc.az xəbər verir ki, idmançılarımız beynəlxalq yarışın son günü də uğurla çıxış ediblər.
Belə ki, onlar 1 gümüş və 1 bürünc medal qazanıblar. 73 kq çəki dərəcəsində yarışan Vüqar Talıbov yalnız finalda uduzaraq Avropa kuboku yarışının gümüş medalına sahib olub. +90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hüseyn Məmmədov 3-cü yeri tutub.
Qeyd edək ki, Fuengirola turnirində 25 ölkədən 488 cüdoçu mübarizə aparıb. Azərbaycanı beynəlxalq turnirdə 8 idmançı təmsil edib və onlardan 4-ü medal qazanıb. Yarışın ilk günü Nicat Məmmədli qızıl, Mətin Rzazadə bürünc medala layiq görülüb.