San Marinoda təşkil olunmuş 18 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionunda yarımfinal görüşləri keçirilib. Matc.az xəbər verir ki, B qrupunun lideri kimi dörd ən güclü kollektiv sırasına yüksələn Azərbaycan millisi həlledici görüşə vəsiqə uğrunda A qrupunda ikinci yeri tutan Albaniya ilə üz-üzə gəlib.
 
Təəssüf ki, komandamız əvvəlki oyunlardakı uğurun davamını bu görüşdə gətirə bilməyib. Basketbolçularımız meydanı 56:76 hesablı məğlubiyyətlə tərk ediblər.
 
Digər yarımfinal qarşılaşmasında isə Monako və Lüksemburq komandaları münasibətlərinə aydınlıq gətirib. Monako komandası bu oyunda 80:65 hesabıyla qalib gəlib.
 
Beləliklə, iyulun 31-də baş tutacaq final görüşündə Monako və Albaniya yığmaları üz-üzə gələcək. Azərbaycan millisi isə üçüncü yer uğrunda görüşdə Lüksemburqu sınağa çəkəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest