03 Avqust 2022, 11:00
TOP OYUNLARI
Avropa çempionatının (Aç-2023) təsnifat mərhələsində və 5-ci İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq kişi voleybolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti bəlli olub. Matc.az xəbər verir ki, baş məşqçi Pərviz Səmədovun rəhbərlik etdiyi komandada 14 voleybolçu yer alır.
Bunlar Tural Həsənli, Roman Qurski, Yeqor Nikulenko, Ramazan Ağabəyov, Dmitri Baranov, Mərdan Məmmədov, Vüqar Bayramov, Cavid Süleymanov, Aqil Ağazadə, Yusif Bünyatov, Andrey Vasilenko, Andrey Melnikov, Emil Abdullayev və Kənan Allahverdiyevdir.
Bu heyət Azərbaycanı Türkiyənin Konya şəhərində keçiriləcək İslamiadada da təmsil edəcək. 8-15 avqustda baş tutacaq voleybol yarışlarında Azərbaycanın kişi millisinin A qrupundakı rəqibləri Sudan, Kamerun və Mərakeşdir.
Bu gün isə komandamız 2023-cü il Avropa çempionatının təsnifat mərhələsində ilk rəsmi matçını keçirəcək. A qrupunun ilk turunun oyununda rəqib Danimarka yığması olacaq. Bakıdakı Voleybol Mərkəzində baş tutacaq görüşə saat 18:00-da start veriləcək.
Azərbaycan millisinin qrupdakı digər rəqibi Türkiyə yığmasıdır.