"Şamaxı" futbol klubunun yeni loqosu ictimaiyyətə təqdim olunub. Matc.az xəbər verir ki, bu gün "Şirvan" otelində keçirilmiş tədbirdə klubun İdarə Heyətinin sədri Elçin Usub rayona böyük futbolun qayıdışını gözəl hal adlandırıb.
 
O, qısa müddət ərzində Şamaxıda infrastruktur layihələrinin uğurla icra olunduğunu söyləyib: "Bu işdə AFFA-nın böyük dəstəyi oldu. Prezident İlham Əliyevin buraya gəlişi, görülən işlərlə yaxından tanış olması bizə böyük stimul oldu. Biz də rayon ictimaiyyəti olaraq ruh yüksəkliyi ilə Şamaxıda futbolun inkişafına dəstək göstərəcəyik".
 
Usub "Şamaxı" klubunun təqdimatının gecikmə səbəbini də açıqlayıb: "Klubun strukturu yeniden təşkil olunub, ictimai birlik olaraq Ədliyyə Nazirliyindən qeydiyyat keçmişik. Bütün sənədləşmə işləri həllini tapandan sonra ictimaiyyət qarşısına çıxdıq".
 
"Şamaxı" rəsmisi klubun gələcək planlarından danışıb: "Burada əsas istəyimiz perspektivli gənclərin üzə çıxması, Azərbaycan futboluna yeni məşqçilər bəxş etməkdir. Eyni zamanda uşaq futboluna da diqqət ayırır, onların inkişafı üçün çalışırıq. Qarşıya hədəflər qoyulub, onun üzərində çalışırıq".
 
Usub eyni zamanda problemlərdən danışıb: "Yeni klubdur, problemlər var, komanda yeni bazaya köç etdi. Amma çalışırıq ki, problemləri həll edək".
 
"Şamaxı" klubunun İdarə Heyətinin tərkibi və məşqçiləri də açıqlanıb. Hüquqşünas Elçin Usubun rəhbərlik etdiyi heyət 5 nəfərdən ibarətdir. Elçin Usubun müavinləri Emil Sadıqzadə, Xəyal Mustafayev, heyət üzvləri isə Orxan Fikrətoğlu və Seyran Alcanovdur.
 
Komandanın rəsmi baş məşqçisi Vüqar Əsgərli olacaq. Məşqçilər isə Cavid Hüseynov, Elhad Nəziri və Rüstəm Əliyevdir. Miloş Yevtiç fiziki hazırlıq, Anar Niftəliyev isə qapıçılarla iş üzrə məşqçi funksiyasını yerinə yetirəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest