"Futbolçularıma təşəkkür edirəm". Matç.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov deyib.
Yığmamız UEFA Millətlər Liqasının qrup mərhələsində Maltanı qəbul edib. Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada qollu bərabərlik qeydə alınıb – 1:1.
Oyunsonrası mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: "Qələbə qazanmasaq da, meydanda bunun üçün əllərindən gələni etdilər. Sadəcə, xeyli sayda qol epizodu istifadə edə bilmədik. Bu, normaldı. Bu cür oyunla hətta məğlub olsaydıq da, razı qalacaqdım".
- Qalibiyyət üçün nə çatmadı?
- Qol çatmadı. Gərginlik var idi. Deməzdim ki, bacarıqları yoxdu. Hər epizodda düzgün oynayırdılar. Epizodlara görə irad bildirmədim.
- Farer adalarındakı oyundan sonra heyət eyni qaldı. Bizim oyunçular 3 gündən bir belə matçlarda çatdırmırlar. Hansısa dəyişikliklə bunu rahatlaşdıra bilərdinizmi?
- Farer adalarındakı heyətdən 1 nəfəri dəyişmək fikrində idim. O da Təmkin idi. Ona görə yox ki, Rahil zəifdi. Sadəcə, matçdan əvvəl Təmkinin qızdırması var idi. Oyunda da ehtiyat edərək meydana buraxdım. Futbolçuların fiziki durumundan razı qaldım. Oyun sürətli getdi, sürətli hücumlar oldu. Amma futbolçuların çoxu bu rejimə öyrəşirlər. Sadəcə, bəziləri uyğunlaşa bilmir. Onlar da bunu dərk etməlidilər.
- Sonlara yaxın bəzi oyunçular çatdırmırdı. 3-cü əvəzetməni etməməyinizin səbəbi nə idi?
- Məni 13 saatlıq yol yox, ordan bura dönmək narahat edirdi. çünki oyunçuların tez bərpasına ehtiyac var. Təəssüf ki, oyundan sonra gecə 12-də Bakıya çatdıq. Bundan narahat idim. Belə hallarda bəzən çox dəyişiklik etdikdə, xüsusən də, rəqib meydanında oyun quranda istədiyin alınmaya bilir. Bir-birlərini yaxşı başa düşürdülər. Oyunu tam əldən verə bilərdik, bu üzdən 3-cü əvəzetməni etmədim.
- Farrucia Azərbaycan millisini fantastik komanda adlandırdı. Burda kinayə var, yoxsa bunu doğru ifadə sayırsız?
- Bilmirəm, bunu hansı fikirlə deyib. Amma bugünkü oyuna görə komanda simpatiyaya layiq idi.
- Kamran Ağayev kapitan olmağa layiq idimi? Səlahət Ağayevə niyə şans vermədiniz?
- Biz təcrübəyə daha çox önəm veririk. Kamran millidə ən çox oyun keçirənlərdən biridi və əsas qapıçımızdı. Kamranın çox yaxşı oyunları olub. Sadəcə, bu gün və səfərdəki matçlarda texniki səhvləri olub. Səlahəti oynatmaq olardı. Bəzən belə oyunlarda milli komanda təcrübəsinə daha çox ehtiyac olur.
- Mahir Mədətovun yerinə başqa oyunçu meydana buraxa bilməzdiz?
- Mahirə həddən artıq təzyiq var azarkeşlər tərəfindən. Mən sosial şəbəkələrdə olmuram, amma eşidirəm. Mahir ən hərəkətli oyunçularımızdan biri idi. Biz futbolçunu mütləq qazanmalıyıq. Bu gün qol pasını da o verdi. Bizim bu futbolçulara xalq olaraq ehtiyacımız var. Mahir oyundan sonra paltardəyişmə otağında oturub ağlayırdı. Həmişə öz futbolçularımın yanındayam. Onların nələr keçirdiklərini məndən yaxşı heç kim bilməz. Mahirin, Pavelin qaşı partladı. Bu futbolçulara güvənmək lazımdı. Başqa oyunçularımız yoxdu. Onları itirmək istəmirəm. Əksinə daha yaxşı futbolçu etmək, peşəkar etmək istəyirəm. Onların hər biri həddən artıq məsuliyyətlidilər. Bəzən soyuqqanlı olmaq gərəkən epizodlarda çətinlik çəkirdilər. Bizim futbolda çatışmayan cəhətlər çoxdu. Amma istəyirik ki, onları itirməyək. Nə qədər onlara ehtiyacımız var, daha çox yapışmalıyıq. Futbolçularımı yaxşı tanıyıram. Bütün iradları öz üzərimə götürməyə razıyam ki, futbolçular oyunlara rahat hazırlaşsınlar. Bu gün böyük xarakter göstərdilər.
- Gözəl futbola baxmayaraq, xal itiririk. Bəlkə biz də Cəbəllütariq kimi, baxımsız oynayaq və xal qazanaq?
- Nadir halda belə oynadığın zaman xal alarsan. Gözəl futbolla qalib gəlmək daha yaxşı olar. Yaxşı komanda yaratmağı bacarmalıyıq. Yaradıcı oyuna üstünlük verməliyik. Bəzən rəqib buna imkan vermir. 3-4 matçdan bir rəqib yaxşı oynamağına imkan vermir.
- Qrupda 2 oyunumuz qalıb və heyət də məlumdu. Bu komandanın pley-offa çıxmağa gücü çatacaq?
- Mən bu komandaya inanıram. Hamımızın gözü bu turnirdədi. Amma əvvəl də bildirmişdim, desək ki, qrupdan çıxa bilməyəcəyik, Avropa və dünya çempionatında iştirak etməyəcəyik, futbol oynamağa ehtiyac yoxdu. Bəzən gözləmədiyin halda daha yaxşı nəticə verirsən. Ola bilər ki, qarşıdakı matçlarda 1-2 dəyişiklik olsun. Bu gün istədiyim xarakteri oyunçularda gördüm. Oyundan-oyuna daha güclü kollektiv olacağıq. Qarşıdakı oyunlara da uduzmaq üçün çıxmayacağıq. Futbolçular bunu dərk edirlər. Texniki səhvlərə görə alınmaya bilər. Amma oyunçularıma güvənirəm.
- Azarkeşlər sonda millinin oyununu fitə basdı. Sizcə, bu, normaldı?
- Ola bilər, normaldı. Qalib gəlməyimizi istəyirdilər. Azarkeşlərə həmişə hörmətlə yanaşmışıq. Hər oyunumuzu dəstəkləməyə gəlirlərsə, bəzən onların buna haqqı var. Amma oyuna görə futbolçular buna layiq deyildilər. Bəlkə məni fitə basırdılar. Futbolçulara mən bu gün irad bildirmədim. Hər bir fikrə də hörmətlə yanaşırıq.
- Millimiz rahat epizodlarda qol vurmağa çətinlik çəkirdi. Bunun səbəbi nədi?
- Ustalıq deməzdim. Bu gün Avropa futbolçuları ilə ustalıq baxımdan fərqimiz var. Əvvəlki matçda 3 qol vurduq. Həmin oyunçular bu gün qol vura bilmədilər, hansı ki, buna bacarıqları var. Yenə də xal qazandıq və rəqibimiz də heç-heçə edib. Futbolçularıma peşəkar deyillər, ustalıq səviyyələri aşağıdı demək istəmirəm. Bu gün olmadı, inşallah, qarşıdakı matçlarda alınacaq.
- Farer adalarında hesabın 1:1 olduğu elan edildikdə hansı hissləri keçirdiz?
- İnanın ki, eşitmədim. Mən ümumiyyətlə, belə şeylərə fikir vermirəm.
- Premyer Liqada elə futbolçu varmı, onun milliləşdirilməsini istərdiz?
- Ehtiyac olsaydı, qanunlara uyğun olaraq milliləşdirərdik. Hazırda belə bir fikrim yoxdu.
- Heyətdə "Neftçi"nin futbolçularına şans verməməyiniz bu klubun azarkeşlərinin narazılığına səbəb olur...
- "Neftçi" azarkeşləri bilir ki, "Neftçi"yə həmişə simpatiyam olub və olacaq da. çünki futbolçu kimi ən yaxşı karyeram "Neftçi"də olub. Peşəkar futbola orda başlamışam və legioner həyatına da "Neftçi"dən yollanmışam. İnanmıram ki, bu klubun azarkeşləri belə fikir bildirsinlər. Bizim çağırdığımız oyunçular klubda əsas heyətdə oynamırlar. Rəhman Hacıyev, Namiq Ələsgərov oynamırlar. Emin Mahmudovu əvvəlki iki görüşdə əsas heyətdə oynatmışdım. Məni tanıyan belə fikir söyləməz. Təkcə "Neftçi" yox, digər klublar da deyə bilərlər ki, oyunçumu çağırıb, oynatmırlar. Amma klubların özləri məndən az şans verirlər. Bəlkə sabah yenə "Qarabağ" oyunçularına daha çox şans verəcəm. Amma bu o demək deyil ki, hansısa oyunçunu kənara atıram. İnanmıram ki, millidə hansısa futbolçu qərarımdan narazıdı. çalışıram, hamının haqqını verim.