"Oyuna normal nəzarət edirdik. Rəqibin bir vəziyyəti qolla nəticələndi. Gözlənilməz oldu. Demək olar ki, sonra başqa vəziyyətləri olmadı"
"Yaxşı oyun keçirdik, çoxlu qol vəziyyətləri yaratdıq. Demək olar ki, hər şeyi düzgün elədik, amma bəxtimiz gətirmədi". Matç.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan milli komandamısının müdafiəçisi Bədavi Hüseynov deyib.
Millətlər Liqasının IV turunda Malta ilə qarşılaşan (1:1) yığmamızın arxa xətt oyunçusu qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb: "Futboldu, belə şeylər olur. Bəzən sən oynayırsan, amma qol vura bilmirsən. Bəzən də pis oynayırsan, amma qələbə qazanırsan. Əsas odu ki, məğlub olmadıq. Şanslarımız davam edir. Son ana qədər mübarizə aparacağıq".
- Maltanın qolu zamanı sanki inanmadınız ki, rəqib fərqlənə bilər...
- Oyuna normal nəzarət edirdik. Rəqibin bir vəziyyəti qolla nəticələndi. Gözlənilməz oldu. Demək olar ki, sonra başqa vəziyyətləri olmadı.
- ümid qalıb hələ?
- Əlbəttə. Əhval-ruhiyyəmiz yaxşıdı. çünki bilirik ki, Kosovo da xal itirib. Qarşıda iki oyun var, hər şey Kosovo ilə oyunda həll olunacaq.
- Necə düşünürsən, Kosovonu səfərdə məğlub etmək realdı?
- Biz yaxşı oynayırıq, qol imkanları əldə edirik. Maksimum konsentrasiya ilə istənilən rəqibə qalib gəlmək olar.