Macarıstanın Dyor şəhərində yunan-Roma güləşi üzrə Qran-pri turniri başa çatıb. Matc.az xəbər verir ki, 2 gün davam edən reytinq xarakterli yarışa Azərbaycan idmançıları da qatılıb.
Belə ki, baş məşqçi Şaban Donat Dyorda 3 pəhləvana şans verib.
60 kq çəkidə mübarizə aparan Murad Məmmədov ilk görüşündə türkiyəli Ahmet Uyara uduzub - 3:4.
87 kq çəkidə qüvvəsini sınayan İslam Abbasov 1/8 finalda özbəkistanlı Muhammadali Şamsiddinova qalib gəlsə də (5:1), növbəti mərhələdə macarıstanlı Erik Szilvassiyə 1:3 hesabı ilə məğlub olub - 1:3.
Mübarizəyə 1/8 finaldan başlayan Sabah Şəriətinin (130 kq) ilk rəqibi Yasmani Akosta Fernandes olub. 2:1 hesablı qələbə sayəsində 1/4 final mərhələsinə yüksələn Sabah həmin hesabla estoniyalı Heyki Nabiyə uduzub. Nabi finala vəsiqə qazandığından Şəriəti təsəlliverici görüşə qatılıb. Amma Rumıniya güləşçisi onu xalça üzərinə çıxmağa peşman edib - 6:0.