Farer adalarındakı zəif oyuna baxmayaraq, səfərdə böyükhesablı qələbə qazanan millimizdən hamı Malta ilə oyunda da 3 xal gözləyirdi. Komandamız matça elə başladı ki, hamı artıq böyükhesablı qələbədən arxayın idi.

İlk 5 dəqiqədə rəqibin qapıçısı düz 3 dəfə qola mane oldu. Hoqq nə Dmitri Nazarova, nə Araz Abdullayevə, nə də Mahir Mədətova sevinmək imkanı verdi. Matçın əvvəllərində rəqib həvəskar komanda təsiri bağışlayırdı. Nə düz-əməlli müdafiə oluna, nə də hücuma çıxa bilirdilər. Maltalıların necə gəldi futbol oynaması yığmamıza sürətli əks-hücumlar imkanı verirdi. Ancaq futbolçularımız rəqibin cərimə meydanı həndəvərində gah zərbəyə, gah da ötürməyə gecikirdilər. Erkən qol cəhdləri alınmayınca, Malta hissənin ortalarında tempi "öldürməyi" bacardı. Müdafiədə ciddi boşluqlar buraxan qonaqlar olsa da, qol da məhz onlardan gəldi. İlk ciddi həmlələrində Pavel Paşayev-Kamran Ağayev-Rahil Məmmədov "üçlüy"ünün bir-birini tamamlayan səhvləri qola səbəb oldu. Halbuki bundan bir qədər əvvəl Mahir qapıçı ilə təkbətək epizodda zərbəyə gecikincə, müdafiəçi özünü çatdıra bildi.

Bərabərlik qolu üçün tələsən oyunçularımız istəklərinə fasilədən dərhal sonra çatdılar. Əslində bərabərlik qolu zamanında gəlmişdi və qələbə topu üçün kifayət qədər vaxt var idi. Qurban Qurbanovun Rahil-Təmkin dəyişikliyi cinahların daha da canlanmasına şərait yaratdı. Ancaq komandamız hücumların kəsərini artırmaq əvəzinə qonaqların təklif etdiyi tempi qəbul etdi. Nəticədə təzyiqi artırmaq cəhdləri heç cür alınmırdı. İkinci hissədə azsaylı qol imkanlarından da yararlanmaq mümkün olmayınca, millimiz Maltanı yenə məğlub edə bilmədi.

üç gün əvvəl Farer adalarına zəif oyunla qalib gələn Qurbanovun kollektivi bu dəfə saysız-hesabsız qol vəziyyətləri fonunda 1 xalla kifayətlənməli oldu. ön xətdəki oyunçuların bir-birilərini yaxşı başa düşməmələri, tamamlamaqda çətinlik çəkmələri, bəzi hallarda isə paxıllıq etmələri (Maltanın qapıçısının "seyv"ləri də daxil) autsayderin yenə 1 xala sevinməsinə yol açdı.

Kamran Ağayev – Farer adalarındakı zəif çıxışını Bakıda da davam etdirdi. Artıq 5-ci dəqiqədə az qala elə səhv edəcəkdi ki, top qapıdan keçəcəkdi. Rəqib çərçivəyə cəmi 2 zərbə vurdu və bunun 1-i qolla nəticələndi. Deməli, kapitan çərçivədə artıq əvvəlki kimi etibarlı deyil. Buraxılan qola gəlincə, ilk zərbə zamanı, bəlkə də, topu yumruqla rəqibə qaytarmayıb tuta bilərdi.

Rahil Məmmədov – Yenə uzun ötürmələrə üstünlük verməsi əksər hallarda hücumlarımızın başlamadan bitməsinə səbəb olurdu. Maltanın qolunda onun da "əməyi" oldu. Cinah ötürməsinə gecikdi və top məhz Rahilin qarşısından keçərək, Muskatın önünə düşdü. Fasilədən sonra əvəzlənməsi zəif çıxışla deyil, taktiki dəyişikliklə bağlı idi.

Bədavi Hüseynov – Rəqib nadir hallarda hücuma çıxdığından, ona, demək olar ki, iş düşmədi. Əks-hücumlar zamanı orta sahədəki oyunçuları vaxtında topla təmin etməkdə də problem yaşamadı.

Pavel Paşayev – Sol cinahdan Araz Abdullayevin öndə rahat oynamasına şərait yaradırdı. Amma buraxılan qolda ən böyük günah məhz onda oldu. Pavelin zərərsizləşdirməli olduğu oyunçu bir epizoda həm qapıya zərbə, həm də məhsuldar ötürmə verməyə macal tapdı. Dəyişiklikdən sonra ikinci hissəni sağ cinahda keçirdi. Ancaq hücumlar zamanı Maksim qədər faydalı ola bilmədi.

Maksim Medvedev – İlk hissədə tez-tez irəli çıxaraq, sağ cinahdan rəqib müdafiəçilərinə həyəcanlı anlar yaşada bilirdi. Amma fasilədən sonra müdafiənin mərkəzinə çəkildi və ən geridən oyun qurmağa çalışdı.

Qara Qarayev – Farer adalarındakı matçın gizli qəhrəmanı dünən çox əziyyət çəkmədi. çünki rəqib üzərinə gəlmirdi. Hücumlar zamanı da önündəki futbolçuları vaxtında topla təmin edə bilirdi.

Riçard Almeyda – "Sambaçı" orta sahədə yenə fəal idi, oyun quruculuğu funksiyasını yerinə yetirməklə məşğul idi. Sadəcə, əziyyətini irəlidəki komanda yoldaşları puç edirdi.

Dmitri Nazarov – Onun da zəif oynadığını söyləmək olmaz. Nazarov daha çox cinahları işə salmağa çalışırdı. Sadəcə, bir neçə epizoda ötürmə əvəzinə zərbəyə üstünlük verməsi hücumun yarımçıq kəsilməsinə səbəb oldu.

Araz Abdullayev – Yığmamız onun yer aldığı sol cinahdan daha çox həmlələr edirdi. Abdullayev əsasən yerlə ötürmələrə üstünlük verirdi ki, bunun da bir çoxunda uğursuz olurdu. Bununla belə, fəal oyununu qolla bəzəməyi bacardı.

Mahir Mədətov – Arazdan fərqli, topu qəbul edərkən mərkəzə daha çox meyillənir, cərimə meydanına girməyə çalışırdı. Əksər hallarda topu ayağında çox saxlaması onu itirməsi ilə nəticələnirdi. Vurulan qolun məhsuldar ötürməsini versə də, özü bir neçə dəfə fərqlənmək imkanını qaçırdı. Nəticədə əvəzlənərkən azarkeşlər tərəfindən fitə basıldı.

Rüfət Dadaşov – Yenə hərəkətli idi və rəqib müdafiəsini gərginlikdə saxlayırdı. Əksər hallarda istədiyi ötürmələri ala bilməsə də, bir neçə real qol şansını yaxaladı. Birinci hissənin sonlarında 2-3 metrlik məsafədən çərçivəyə düşə bilmədi. 66-cı dəqiqədə isə topu başla dirəyə tuşladı. Artıq yorulduğu üçün son 20 dəqiqəni meydanda gəzməklə keçirdi.

Təmkin Xəlilzadə - Fasilədən sonra meydana daxil olan müdafiəçi oyuna fəal qoşuldu, sol cinahda canlanmanı artırdı. Təmkin həm müdafiə, həm də yarımmüdafiəçinin işini gördüyündən, Araz artıq meydanda sərbəst hərəkət edirdi. Xəlilzadə assist müəllifi də ola bilərdi. Amma onun sol cinahdan ideal ötürməsini Rüfət başla qapıdan keçirə bilmədi.

Cavid İmamverdiyev – Fitə basılan Mahir ondan daha təhlükəli idi. Düzdü, cəmi 15 dəqiqə oynaya bildi. Amma bu müddətdə varlığı ilə yoxluğu da hiss olunmadı.

 

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest