Futbol üzrə Niderland yığması Qətərdə təşkil olunmuş dünya çempionatındakı ilk matçında Seneqala 2:0 hesabı ilə qalib gəldi. Avropa təmsilçisinin inamlı qələbəsində qapıçı Andris Noppertin də xüsusi payı oldu.
"Herenven"in yetirməsi olan, hazırda da bu klubun formasını geyinən 28 yaşlı qolkiper ilk dəfə Niderland yığmasında rəsmi oyuna çıxmışdı. Onun debütü isə məhz 4 ildən bir keçirilən dünya çempionatına təsadüf etdi və kifayət qədər uğurlu alındı. Seneqal yığması onlarla oyunda qapıya 15 zərbə endirdi ki, bunlardan dördü dəqiq alındı. Lakin onların hamısında əla qurtarışları ilə diqqət mərkəzinə düşən Noppert qola imkan vermədi.
Maraqlıdır ki, 28 yaşında ilk milli matçına çıxan Noppert 2020-ci ildə futbolu buraxmaq təhlükəsi ilə də üz-üzə qalmışdı. Belə ki, 2019-cu ildə İtaliyanın "Foccia" klubunda çıxış edərkən, həyat yoldaşı ona futboldan getməyi və polis olmağı tələb edib. Lakin niderlandlı qolkiper xanımını dinləməyib və karyerasını davam etdirib. Göründüyü kimi, futbolçunun seçimi doğru olub və hazırda dünya çempionatında özündən söz etdirməkdədir.
Noppert "Focia"da çıxış edərkən başına daha bir qəribə hadisə gəlib. Belə ki, o, oğurlanmış avtomobilini geri qaytarmaq üçün mafiyaya pul ödəyib. O, bu barədə fevralda ESPN nəşrinə açıqlamasında bildirib: "Mənim maşınımı oğurlasalar da, onu geri qaytarmağı bacardım". Qapıçı İtaliyada olarkən özünü təhlükəsiz hiss etmədiyini də söyləyib. O, uduzduqları oyunlardan sonra "Focia"nın qatı tərəfdarlarının qorxusundan küçədə gəzə bilmədiklərini diqqətə çatdırıb: "Onlar ya maşınlarımızın təkərlərini partladırdılar, ya da həyətlərimizə bomba qoyurdular".
Noppert bu dünya çempionatına daha bir maraqlı məqamla damğa vurub. Belə ki, mundialda forma geyinən ən uzunboylu futbolçudur. Müqayisə üçün qeyd edək ki, Dç-nin ən qısaboylu futbolçusu da Mərakeş yığmasında forma geyinən İlyas Şairdir.
Sonda onu da xatırladaq ki, Niderland yığması Dç-dəki növbəti oyunlarını noyabrın 25-də Ekvadora, ayın 29-da isə turnirə ev sahibliyi edən Qətərə qarşı keçirəcək.