13 Noyabr 2026, 10:25
FUTBOL
İngiltərə yığmasının baş məşqçisi Tomas Tuxel UEFA Millətlər Liqasının V turunda Xorvatiya üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis komandasının nəticəyə layiq olduğunu, lakin güclü rəqibə qarşı qələbə qazanmaq üçün ciddi mübarizə aparmalı olduqlarını bildirib:
“Yaxşı qələbə qazandıq. Həqiqətən qalib gəlmək istəyirdik və düşünürəm ki, buna layiq idik. Bununla belə, güclü rəqibə qarşı çox çalışmalı olduq. Oyuna uyğunlaşmaq bir qədər vaxt apardı. Təxminən 15 dəqiqədən sonra ritmimizi tapdıq, qol vurduq, özümüzə inamımız artdı və daha yaxşı oynamağa başladıq”.
Tuxel qələbənin həm komanda, həm də Harri Keyn üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, İngiltərə millisinin kapitanının 126-cı oyununda qələbə qolunu vurmasını əlamətdar hadisə adlandırıb: “Harri Keyn üçün xüsusi bir axşam oldu. O, həm də qələbə qolunun müəllifi oldu. Möhtəşəm gecə yaşadıq. İspaniyaya qarşı növbəti oyun tamamilə fərqli olacaq, bizi başqa ssenari gözləyir”.













